23 Dekabr 2024

Erkin Qədirli: “Azərbaycan Avropa Şurasında seçkili merləri, böyük şəhər bələdiyyələri olmayan yeganə ölkədir”

Milli Məclisin plenar iclasında çıxış edən deputatı Erkin Qədirli əvvəlcə qurultay münasbətilə YAP üzvlərini təbrik etdi.

Deputat təbrikini çatdırarkən vaxtilə, ReAl Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə ona ünvanlanan təbrikləri xatırlatdı: “Üzvü olduğum partiya dövlət qeydiyyatına alınanda Siz məni təbrik etmişdiniz. Mən də özümə borc bilirəm ki, qurultay münasibətilə bütün YAP-çı deputatları təbrik edim”.

Daha sonra E.Qədirli bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığını mümkün saymadığını da bildirdi: “Ona görə də qanunvericiliyə dəyişiklik edilməlidir. İcra başçıları və bələdiyyələrin səlahiyyətləri ilə bağlı legitimlik böhranı var. Bu məsələ təməldən yanlış qurulub. Ayaz Mütəllibov icra hakimiyyəti orqanını yaratdı və bu, hələ də davam edir”.

Erkin Qədirli Bakı böyükşəhər bələdiyyəsinin və meriyanın olmamasını da qüsur saydı. Bildirdi ki, bununla bağlı illər öncə qanun qəbul olunsa da, məsələ həllini tapmayıb: “Azərbaycan Avropa Şurasında seçkili merləri, böyük şəhər bələdiyyələri olmayan yeganə ölkədir. Ona görə də ciddi olaraq biz bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik. Deputat kimi, qanunvericilik təşəbbüsüm var və ola bilsin payız sessiyası üçün belə bir qanunu təklif edəcəyəm”.

E.Paşasoy,

Musavat.com