23 Dekabr 2024

Erik Siqalın kitabı

Mənim adım Zaurdu. Otuz yaşım var. Hər il iyul ayının on yeddisində kitabxanaya gedir və Erik Siqalın “Bir Sevgi Tarixçəsi” kitabını alır, həmin gün onu oxuyur və sonra bu kitabı ən sevimli əşyalarımın arasına qoyuram. Düz beş ildir ki, bu hadisə təkrarlanır. Hərdən anam məndən soruşur ki, ay Zaur,  o kitabdan səndə düz altı dənə var axı. Neynirsən gedib bir də onu alıb? Mən də onun bu sualını susqunluqla qarşılayır və həmin günü yenidən yadıma salıram.

***

   Hansısa təsir dairəsi geniş olan nüfuzlu bir şəxsin camaatdan topladığı illeqal vergi ilə tikilmiş on səkkiz mərtəbəli binanının altıncı mərtəbəsindən lift vasitəsilə həyətə düşüb, hər zaman soveti tərifləyib SSRİ – nin tərəfini tutan, indiki gəncləri (öz ailəsindəkilər də daxil olmaqla) muğama və aşıq yaradıcılığına qulaq asmadığına görə tənqid edən, öz ayaqları üzərində duran gəncləri “veyil”, “səfeh” adlandırıb, buna görə onlara vaxtında “tərbiyə” verməyən valideyinlərini qınayan, sonra da “bizim vaxtımızda belə deyildi” ifadəsini işlədərək, həyatlarının üçdə  bir hissəsini təşkil edən nərdə davam edib  söhbətə yekun vuran yaşlı nəslin nümayəndələrinin arxa nahiyələrinin izi qaldığı skamyaya oturaraq, bütün bunları susqun halıyla izləyən palıd ağacına baxıram.

   Deyəsən, bu qoca palıd fikrə gedib. Ona baxıb elə mən özüm də yavaş-yavaş fikrə getməyə başlayıram. Görəsən, o nəyin haqqında fikirləşir? Maraqlıdır, o da mənim düşündüklərimi düşünə bilir? Məsələn, Trampı qulağından kimlərin vurdurduğunu, Ağadadaş Ağayevin hansı psixi probleminin olmasını, TikTok həşəratlarının sonunun nə vaxt gələcəyini, futbol üzrə milli komandamızın dünya çempionatını qazanaraq kuboku başları üzərinə qaldıracaqları zamanı göstərə biləcək süni intellektin nə zaman ixtira olunacağını, Ukraynanın alın yazısının rusların pozanı ilə silinib-silinməyəcəyini, Həsən Ruhanini kimin öldürməsini, Den Braunun növbəti kitabının nə vaxt çıxacağını, dünyaya Ziqmund Freyd kimi psixoanalitikin bir də gəlib-gəlməyəcəyini, Arda Gülərin Ronaldonu kölgədə qoyub-qoymayacağını, MrBeast – ın etdiyi saxtakarlıqlara nə zaman son verəcəyini bu qocaman palıd öz beyninin divarları arasında o yan-bu yana gəzdirirmi?

   Məncə, yox! O bu sualları nəinki görünən hissəsi ilə, hətta görünməyən (torpağın altında qalan) hissəsi ilə də fikirləşmir. Daha doğrusu, fikirləşmək istəmir. Çünki dünyada onu maraqlandıran daha maraqlı suallar var. Mərc gələrəm ki, palıd indi “pizza yumru olduğu halda onu niyə  kvadrat qutunun içərisinə qoyurlar?” sualının cavabını axtarır. Ya da “niyə dondurma çox sürətlə əriyir, amma dondurulmuş yemək yox?” sualı haqqında fikirləşir. Ya da ki, “niyə insanlar yuxusuz qalıb bir iş görmək istədikdə, tez yuxuya gedirlər?”

  • Ay Zaur! Ayıl görək,   – məni səsləyib reallığa qaytaran Təmkin bütün söhbəti Əkram Əylislinin karyerası kimi puç edir. Özümə gəlmək üçün cəhd göstərməyə çalışıram ki, yenidən tankının lüləyinə sual qoyub üstümə atır.
  • Hardasan?
  • Təyyarə bileti olmadan başqa dünyaya geşdim.
  • Onu görürəm,   – əlini çiynimə qoyur,   – deyirəm yəni neçə gündü hardasan?
  • Məhləyə düşməyə vaxtım olmurdu. Evdə idim.
  • Necəsən?
  • Gündüz milyon-milyonam.

Gecələr təklənirəm,   – Ramiz Rövşənin şeirləri çox zaman  məni insanların suallarını cavablamaqdan qurtarır.

  • Bəlkə, yorğunsan?
  • Gözümü bu dünyaya açandan yorğunam. Vaxtından gec doğulduğumu düşünürəm. Mən Bukovskinin zamanında doğulmalı idim.
  • Yaxşı, yaxşı… Yenə başlama.

   Ortaya qarışan sükut nəticəsində hər iki cəbhədə susqunluq yaranır. Sonra yenə atəşkəsi Təmkin pozur.

  • Bugün üçün hansı planların var?
  • Hələ ki, heç bir plan haqqında düşünmürəm.
  • Onda gəl biraz gəzək.
  • Harada?
  • Doğma Bakımızda!

   Təmkinin sonuncu ifadəsi çox xoşuma gəlir. Ona görə də, heç bir etiraz etmədən təklifini qəbul edirəm. Həm də… Həm də  Təmkinin özü də yaxşı oğlandır axı. Yaxşı oğlan olmamışdan öncə isə yaxşı bir insan, yaxşı bir dostdur. Düzdü, çox zaman öz fikirlərini cəmiyyət qarşısında dilə gətirməkdən çəkinir, amma bu onu pis biri etmir.

   Uşaqlığımızın bərabər keçdiyi məhlədən çıxıb dayanacağa doğru gedirik. Biraz gözləyəndən sonra, nəhayət ki, avtobusun gəldiyini görürük.

  •  Gəl,   – Təmkin qarşıya keçib Baku buss – un bahalaşmış gediş haqqısını ödəyərək məni səsləyir.

***

   Nədəndir bilmirəm, amma çox zaman fikir vermişəm ki, avtobusla hərəkət edəndə diqqətimi avtobuslar, avtomobildə gedəndəsə, avtomobillər cəlb eliyir. ChatGBT kimi insan psixologiyası da günü – gündən inkişaf edir, fərqli fikirlər və fərqli idealar ortaya çıxır. Görəsən, dünyada baş verən bu qədər sürətli süni intellekt prosesləri bizi uçurumamı, yoxsa inkişafamı aparır? Məncə, biz inkişaf levelini çoxdan keçmişik. Diqqətlə fikir versək, görərik ki, artıq mobil telefonlarımız belə necə dəyişib. Mobil telefonlara, demək olar ki, hər şey yerləşdirilib. Tədricən istifadə etdiyimiz bu cihazlar artıq elə bir yerə gəlib çatıblar ki, bir telefona yüklənə biləcəyindən daha çox şey yükləyiblər onların üzərinə.

   Bədənim vasitəsilə nəyinsə hərəkətdən dayandığını duyub sağa – sola baxmağa başlayıram. Artıq Axundov bağının yanına çatmışıq. Təmkinlə birgə arxa qapıdan ayağımızı 28 May ərazisinə atıb 46 nömrəli avtobusu tərk edirik.

  • Yaxşı ki, kondisanerlər var,   – bayırdakı istiliyi hər bir zərrəsi ilə hiss edən Təmkin geriyə çevrilib başı ilə avtobusa işarə edir.
  • Xatirələrini şişirdib danışan insanlara da xüsusi minnətdarlıq duymalıyıq.
  • Atmacalarından da geri qalmırsan,   – hər ikimiz gülümsəyib yolumuza davam edirik.

   Addımbaaddım gəzib Fisincan restoranının qarşısına gəlirik. İçəriyə diqqət yetirib çox da sıxlıq olmadığını gördükdən sonra, qapıya doğru yaxınlaşırıq. Hostes gülər üzü ilə qapını açıb bizim öncədən rezerv edib – etmədiyimizi soruşur. Biz də rezerv etmədiyimizi, iki nəfər olacağımızı ona deyib özümüzə uyğun masa axtarmağa başlayırıq. Uzun bir seçimdən sonra, nəhayət ki, masa arxasına əyləşib nəfəsimizi dərməyə, özümüzə gəlməyə çalışırıq. Bir də görürük ki, biz özümüzə gəlməmiş qarşımıza menyu gəlir. Ofsiant özü də doğru zamanda gəlmədiyini başa düşüb bir qədər sonra masaya yaxınlaşacağını deyib kənarlaşır.

   Hamı öz şəxsi həyat qayğıları ucbatından daim tələsir, hər şeyin sürətli getməsini istəyir. Bunun nəticəsində də tələsmək bizdə vərdişə çevrilir. Bir çox insan qarşısındakı yeməyinin, bir çox məktəbli abituriyentlik vaxtının, bir çox hərbiçi təqaüd yaşına qədər işləyəcəyi illərin, bir çox ər – arvad aralarında yaşanan soyuqqanlı sevişmənin tez bitməsini arzulayır. İnsanlar necə də qəribədir…!

  • Seçimini etmisən?   – Təmkin menyunu o tərəf – bu tərəfə çevirə – çevirə məndən soruşur. Mən də indi edəcəyimi deyib menyunun salatlar bölməsini açıram. Oradan toyuqlu Sezar salatını tapıb missiyamın yerinə yetirərək məğrur şəkildə əllərimi qoynumda çarpazlaşdırıram. Uzaqdan bizi müşahidə edib, artıq seçim etdiyimizi görən ofsiant masamıza doğru yaxınlaşıb sifarişləri qeyd dəftərçəsinə yazır. İşini bitirdikdən sonra masadan aralanıb sifarişləri gətirmək üçün gedir.

   İnsanların restorana getmələrinin bir neçə səbəbi olur. Ya işlərindən dolayı yemək hazırlamağa vaxtları olmur, ya özlərini dəyərli hiss etmək, sonra da çəkdirdikləri şəkilləri öz sosial şəbəkələrində paylaşmaq üçün bura üz tuturlar, ya da ki… Ya da ki, mənim də çox zaman etdiyim kimi…

   Restoranlarda sifariş etdiyiniz yeməklər işçilər tərəfindən yalnız sizin üçün hazırlanır. Bu da həmin yeməyi həm dadlı, həm də dəyərli edir. Nəticədə biz həm dəyər, həm də yemək yemiş oluruq. Bir də ki, biz özümüzü səyahətdəymişik kimi də hiss edə bilərik axı. Məsələn, siz pizza sifariş edib ətrafa baxaraq və ya gözlərinizi yumaraq özünüzü İtaliyadaymış kimi də hiss edə bilərsiniz. Yaxud da tako sifariş edərək, Meksikada olduğunuzu xəyalınızda canlandıra bilərsiz.

  • Yenə hansı fikrin dalınca qaçdın?   – Təmkin soruşur.
  • Yeməklər haqqında düşünürəm.
  • Yeməklər, sadəcə, yemək üçündü,   – Elza Seyidcahan demişkən, Təmkin bütün fikirlərin içini tikir…

Mən ona öz fikirlərim haqqında heçnə demirəm. Çünki dilə gətirdiyi fikir onun beynində kök salıb. Kök salmış düşüncə isə demək olar ki, dəyişmir.

  • Sifarişləriniz hazırdır,   – ofsiant gətirdiklərini qarşımıza qoyub, nuş olsun deyərək çıxıb gedir. Amma biz bilirik ki, o yenə gələcək. Saxtakarlıq nümayiş etdirərək, gülümsəyib bizə nəsə lazım olub – olmadığını soruşacaq. Çünki bəxşiş almaq üçün belə etmək lazımdı. Bu eynilə bank əməkdaşının müəllimlikdən xəbəri olmayan birinə də işini düzgün yerinə yetirmək xatirinə müəllim deyib nəzakət göstərməsinə bənzəyir. Bu ölkənin problemi ərəblərin mədəniyyətləri kimi düzəlmir ki, düzəlmir.

***

   Fisincandan çıxıb Tarqovunun içərisi ilə Xəqani bağının (Malakan bağı) yanından keçib Bakı Kitab Mərkəzinə sarı gedirik. Təmkin bacısına, mən də özümə yeni bir kitab almaq üçün qapıdan içəri girib kitab rəflərinin qarşısına tərəf addımlayırıq.

  • Mən ikinci mərtəbəyə qalxıram. Psixologiya və şəxsi inkişaf ordadır. Sən də seçim edib məni gözləyərsən,   – Təmkin pilləkənlərə sarı gedir.
  • Oldu,   – deyib mən də sıra ilə kitabların düzüldüyü estetik görünüşıü rəflərin qarşısına keçirəm. Buradan Frederik Beqbederin “99 Frank” kitabını götürüb annotasiyasına baxıram. Haqqında çox eşitdiyim və diqqətimi özünə çəkdiyi üçün onu almaq qərarına gəlirəm. Kassaya getmək üçün geri çevrildiyim zaman qəflətən qarşıma çıxan ortaboylu, arıq, iyirmi üç – iyirmi dörd yaşlı, dərisi əsmər rəngli, fikirli halda irəliləyən gənc bir qızla toqquşuram. Biixtiyari olaraq, mənim əlimdə kitabla onun üzərində Van Qoqun şəkli olan qeyd dəftərçəsi və arasında olan bir neçə əlfəcin yerə düşür. Bir neçə saniyəlik tərəddüdlü baxışlarla bir – birimizi süzdükdən sonra, ikimiz də yerə tökülmüş əşyaları yığmağa başlayırıq. Əslində kitaba əşya deməyi çox da labüd hesab etmirəm. Çünki insan talelərindən bəhs edildiyi bir şeyi necə əşya salmaq olar? Amma tez bir şəkildə beynimdəki bu utopik fikirləri bir kənara buraxıb yerə tökülənləri toplamağa çalışıram. Burnuma şirin bir qoxu gəlir. Bu “Love Pation” ətridir. İlahi! Necə də füsunkar bir qoxudu.
  • Bağışlayın ki, sizi də əziyyətə saldım. Çox vaxt bədii ədəbiyyat oxumuram. Bugün isə könlümə hansısa bir romanı oxumaq düşüb. Mən də nəyi oxuyacağımı bilmədiyim üçün fikirli – fikirli kitablara baxıb sizə dəydim,   – o ayağa qalxıb əlində tutduğu ləvazimatları qaydasına salır.
  • Əslində bədii ədəbiyyat oxumaq çox sadədi. Bir romanı açırsan, səhifələri çevirirsən və qəhrəmanların hekayəsinə qarışırsan.
  • Maraqlıdı,   – qız gülümsəyərək əli ilə saçlarına toxunur. Sonrasa yerdən götürdüyü kitabı mənə tərəf uzadaraq,   – axıcı kitaba bənzəyir,   – deyir. Mən kitabı ondan alıb Beqbederin çox yaxşı bir yazıçı və ədəbi tənqidçi olmağından, bu kitabı yazdıqdan sonra işdən qovulmağından danışıram. Sonra bizim söhbətimiz müxtəlif mövzulara keçid etməyə başlayır. Özümü çox rahat və xoşbəxt hiss edirəm. Təsadüfi şəkilləri çox sevməsəm də, təsadüfi insanları hər zaman dəyərləndirməyə çalışıram.
  • Bəlkə, mənə bir kitab tövsiyyə edəsiniz?   – o üzümə baxıb gülümsəyir. Heç vaxt bir qızın bu qədər gözəl gülümsədiyini görməmişəm. Həyat, sanki, gerçəkdən var olmuş halda onunla mənim aramda dayanıb.
  • Sizə heç bir zaman unutmayacağınız bir kitab tövsiyyəsi edə bilərəm,   – bunu deyib onunla bərabər xarici ədəbiyyat bölməsinə doğru gedirəm. Bir neçə dəqiqəlik axtarışdan sonra, nəhayət ki, Erik Siqalın “Bir Sevgi Tarixçəsi” kitabını tapıb ona verirəm. Elə bu əsnada onun telefonuna zəng gəlir. Danışığından hiss edirəm ki, valideynləridir. Sonra indi evə gələcəyini deyib getmək istədiyini bildirir. Kitabın ödənişini etmək istədiyimi desəm də, buna razı olmur. Yarım saatlıq söhbət ərzində nə bir – birimizin adını, nə nömrələrimizi, nə də burada bir də nə vaxt qarşılaşıb – qarşılaşmayacağımızı dilə gətiririk. Beləcə, o addımını Bakının isti küçələrinə atır. Gedərkən geriyə çevrilib gülümsəməyi də unutmur.

***

   Axşam saat doqquzdur. Ailə üzvlərimlə bərabər qonaq otağımda oturmuşam. Onlar televiziyadakı xəbərlərə baxır, mənsə divanda oturub düşüncələrə dalmışam. Onunla qarşılaşmağımdan iki gün keçsə də, bu günlər mənə yüz ilin tənhalığı kimi gəlir. Bir də nə vaxtsa qarşılaşıb – qarşılaşmayacağımı düşünürəm. Bir də nə zaman gülümsəməsini görəcəyimi, ətrinin şirin qoxusunun burnuma dolacağını, gözlərimin heyranlıqla gülüşünə baxacağını xəyal edirəm. Onun ad – soyadını, ya da nömrəsini götürmədiyimə görə, özümə qəzəblənirəm. Elə bu vaxt televizorun geniş ekranında gözümə bir şəkil dəyir. “Bu odur” deyib qışqırmaqdan özümü güclə saxlayıram.

   “Bakı Dövlət univeritetinin sonuncu kurs tələbəsi Nilay İsrailova bugün axşam saatlarında yaşadıqları binanın qarşısında yolu keçərkən avtomobil qəzasına uğrayıb. Təəssüflər olsun ki, gənc tələbə elə yerindəcə haqqın rəhmətinə qovuşub..  Ailəsinə və sevdiklərinə səbr diləyirik”

   Şok keçirmiş kimi yerimdəcə donub qalıram. Ekranda gördüyüm video görüntü və eşitdiyim xəbər məni sarsıdır. Heç vaxt qarşılaşmadığım duyğular məni öz ağuşuna alaraq, canımdan can qoparır. Onun adını öyrənmiş oluram, amma bir də onun adını dilimə gətirə biləcəyimə və onun bu ada cavab verəcəyinə zərrə qədər də olsun ümidim qalmır. Mənim sonuncu ümidlərim də ən sonda ölür.

Tural Rəhimov- Media1.az üçün xüsusi olaraq

06.08.2024 – 08.08.2024