20 İyul 2024

Ərdoğanın Soçiyə apardığı ŞOK TƏKLİF – Rusiya bunu gözləmirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə taxıl sazişinin BMT-nin yeni şərtlərinə uyğun olaraq bərpasını müzakirə etməyi planlaşdırır.

Bu barədə TASS-a Ankaradakı siyasi dairələrdəki mənbə məlumat verib.

“Soçidə keçiriləcək danışıqların əsas mövzusu əvvəlki taxıl sazişinin bərpası olacaq. Liderlər Türkiyənin iştirakı ilə BMT-də hazırlanan yeni təklifləri ətraflı müzakirə edəcəklər”, – agentliyin mənbəsi deyib.

Məlumata görə, BMT-nin yeni təkliflər paketində aktivləri Avropa tərəfindən bloklanan Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətləri ləğv etmək üçün danışıqlara başlamaq müddəası var.

Bundan əlavə, BMT zədələnmiş boru kəmərlərinə dəyən zərərin qiymətləndirilməsi üzrə işə başlamağı təklif edir. “Rosselxozbank”ın yenidən SWIFT sisteminə qoşulması da BMT-nin təklifləri sırasındadır. Bunlara həmçinin ərzaq daşıyan Rusiya gəmilərinin sığortası ilə bağlı problemlərin həlli üçün addımlar daxildir.

Bundan əvvəl BMT baş katibi Antonio Quterreşin ofisindən Rusiya xarici işlər naziri Sergey Lavrova taxıl sazişinin bərpası təklifləri ilə bağlı məktub göndərdiyi də bildirilib.

Putin-Ərdoğan görüşündə Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.

“Bu imkanın ətraflı nəzərdən keçirilməsi zəruridir, bundan sonra bu təşəbbüs çərçivəsində istənilən konkret qərar qəbul edilə bilər”, – mənbə vurğulayıb.

Bundan əlavə, danışıqlarda Rusiya təbii qazının Türkiyə vasitəsilə Avropaya nəqli müzakirə oluna bilər.

“Ərdoğan-Putin görüşünün əsas mövzusu olacaq taxıl müqaviləsi ilə yanaşı, Rusiyadan Türkiyə üzərindən Avropaya qaz nəqli də müzakirə oluna bilər. Bu mövzu heç də az əhəmiyyət kəsb etmir, söhbət Türkiyədə qaz qovşağının yaradılması layihəsindən gedir”, – agentliyin mənbəsi qeyd edib./Teleqraf.com