22 Dekabr 2024

Ərdoğan təsdiqlədi: ABŞ Konqresi F-16-larla bağlı Türkiyənin mənafeyinə uyğun qərar alıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı sazişi təsdiq etdiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə Ankarada onun sədrliyi ilə keçirilən hökumətin iclasının yekunu üzrə müvafiq bəyanatla çıxış edib:

“F-16 ilə bağlı müraciətimizin ABŞ-ın müsbət qərarı ilə nəticələnməsinə şadıq. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Türkiyənin müdafiə sənayesi daha intensiv inkişaf edəcək”.

ABŞ-ın Ankaradakı səfiri Jeffrey Flake ötən bazar günü Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını Konqresin təsdiqlədiyini açıqlayıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən döyüş təyyarələri ilə bağlı qərar gözlədiyini bildirmişdi. O qeyd edib ki, Ankara ilə Vaşinqton arasında ilkin razılıq var ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqlədikdən sonra ABŞ F-16-nın satışı ilə bağlı tədbirlər görəcək.