23 Dekabr 2024

“Ən yaxşı güzəşt Kərki ilə Başkəndin əvəzlənməsi ola bilər” – Sabiq MTN zabiti

İlham İsmayıl: “Hər iki kənd dövlət sərhədlərindən çox aralıdır. Amma Qazaxın 7 kəndi ilə bağlı güzəştə yer yoxdur”

Bir neçə gün əvvəl bir qrup Rusiya hərbçisinin Ermənistan tərəfindən hələ də işğalda saxlanılan Azərbaycanın Qazax rayonunun Əskipara kəndi istiqamətinə yerləşdirildiyi barədə məlumatlar yayıldı. Ermənistan Müdafiə Nazirliyi erməni mənbələrinin yaydığı məlumatı təsdiqlədi. Bildirildi ki, Azərbaycanla sərhədin Qazax rayonu istiqamətinə, Voskepar (Əskipara) kəndində Rusiya sərhədçiləri yerləşdirilib. Məlumatda qeyd olundu ki, hazırda kənddə Rusiya sərhədçilərinin arxa cəbhə təminatını həyata keçirmək üçün tikinti işləri görülür. Erməni mediası isə qeyd edir ki, Rusiya sərhədçiləri kənddəki evlərdən birində yerləşiblər.

Rəsmi Bakıdan hələlik bu məlumata reaksiya verilməyib. Yerli ekspertlərin isə bir qismi hesab edir ki, Azərbaycanın icazəsi olmadan rus hərbçilərin işğalda olan kəndimizdə yerləşməsi doğru addım deyil. Bəzi analitiklər isə güman edir ki, sərhədlərin delimitasiya prosesi gedir və Qazaxın işğalda olan 7 kəndi bu prosesin gedişində Azərbaycana qaytarılacaq. Prosesdə hansısa insidentin yaranmaması üçün rusiyalı hərbçilər əraziyə yerləşdirilibdir.

Lakin məsələ ilə bağlı anlaşılmaz məqamlar var. Belə ki, İkinci Qarabağ müharibəsini dayandırmağı nəzərdə tutan 10 noyabr  2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatın ilkin variantında Qazaxın 7 kəndinin Ermənistan tərəfindən təhvil verilməsi bəndi olsa da, bir neçə saatdan sonra bu məsələ sənəddən çıxarıldı. Sonradan qeyri-rəsmi mənbələr tərəfindən məsələ belə izah olundu ki, kəndlərin qaytarılmasının Birgə Bəyanatdan çıxarılması Ermənistanda gərginliyin daha çox yaşanmaması üçündür, zamanı gəldikdə ərazilərimiz qaytarılacaq. Amma müharibədən 10 aya yaxın zaman keçib, kəndlər qaytarılmayıb. Eyni zamanda, faktiki olaraq delimitasiya prosesinin getdiyi də nə Bakı tərəfindən, nə də İrəvan tərəfindən bəyan edilib. Əksinə, Azərbaycan tərəfindən Ermənistanın öhdəliklərdən yayınmaq cəhdləri barədə məlumatlar yayılır.

Ümumiyyətlə, Qazaxın kəndlərinin qaytarılması məsələsi ilə bağlı rəsmi informasiya olmadığından zidiyyətli məlumatlar dolaşmaqdadır. Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran keçmiş MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da deyib ki, cəmiyyətin və ictimaiyyətin rəsmi informasiyasızlığı müxtəlif mülahizələrə yol açır:

İlham İsmayıl: Qarabağ savaşının "Mixaylo"su - Bayrağa qurban gedənlər...

– Xalqı informasiyadan tam kənar tutmaq doğru deyil. Düzdür, elə məsələlər var ki, onlar xalqa bəri başdan açıqlanmamalıdır. Lakin bu qədər də olmamalıdır. Təəssüf ki, biz ictimaiyyət olaraq müharibədən sonra müşahidəçi qismindəyik. Ona görə də düşmən Ermənistan heç bir iddiasından əl çəkmir. Rəsmi İrəvanın əvvəlki siyasəti davam edir, Azərbaycanın Qarabağ bölgəsinə status tələbindən geri çəkilmirlər. Hətta Qarabağdan kənarda işğal etdikləri əraziləri – Qazaxın 7, Naxçıvanın Kərki kəndini əllərində saxlayırlar. Bu prosesin sonu bizim üçün hələ ki məlum deyil.

Ermənilər bizim işğalda olan Əskipara kəndinə də Voskepar deyirlər. İndi sual verilməlidir – Rusiya hərbçiləri bizim işğal olunmuş kəndimizə yerləşiblər, yoxsa sərhəddə, Ermənistan dövlətinin ərazisinə yerləşiblər? Əgər rus hərbçiləri bizim işğalda olan kəndimizin ərazisində yerləşiblərsə, bu, qanunsuzdur, heç bir beynəlxalq normalara uyğun deyil. İşğal olunmuş əraziyə Rusiya hərbçiləri Azərbaycanın razılığı olmadan neçə yerləşə bilərlər? Qarabağda Rəsmi Bakının razılığı olduğu üçün, sülhməramlı missiya adı ilə yerləşiblər. Qazaxın kəndlərinə Azərbaycanın razılığı ilə yerləşiblər? Razılıqsız yerləşiblərsə, demək ki, Rusiya Ermənistanla eyni məsuliyyət daşıyır. Yox, Ermənistan ərazisində dayanıblarsa, bu başqa məsələ.

– Ola bilərmi ki, rus əsgərləri kəndlərin qaytarılması prosesinə uyğun olaraq əraziyə yerləşiblər?

– Biz özümüzə ümid veririk ki, tezliklə sərhədin delimitasiya işi aparılacaq. Birinci müqavilə imzalanmalıdır, delimitasiya olmalıdır, sonra demarkasiya xətləri yerində çəkilməlidir. Mənə elə gəlir ki, bu proses başlaya bilər və hər hansı insidentin baş verməməsi üçün Rusiya hərbçilərini indidən orada yerləşdirirlər. Amma proses güman ki, Rusiyadakı seçkilərdən sonra baş verəcək. Çünki Rusiya Dövlət Dumasına seçkilər ərəfəsində regionda hansısa gərginliyin yaşanmasını istəmir. Düzdür, imperiya maraqları Kremli belə məsələlərdən çəkindirmir. Rusiya istər seçki keçirsin, istər başqa yerdə müharibə aparsın, paralel olaraq digər fəaliyyəti də həyata keçirir. Ola bilsin ki, rus sərhədçilər Qazaxla sərhədə delimitasiya prosesində gərginliyin qarşısını almaq üçün gətiriliblər.

Verelq News | Азербайджанские ВС обстреляли армянское село:  межгосударственная автотрасса закрыта

Qəribə məqamlardan biri də ondan ibarətdir ki, son vaxtlar həm Ermənistan tərəfindən, həm də Rusiya tərəfindən Qazaxın işğalda olan 4 kəndinin adını hallandırırlar, halbuki 7 kənd işğaldadır. Torpaq güzəşti varsa, bunu açıq şəkildə deməlidirlər. Bilirsiniz, Ermənistanın bir anklav  kəndi də bizdədir – Gədəbəyin Başkəndi. Əgər Başkəndə görə ərazi güzəşti nəzərdə tutulubsa, Başkənd Naxçıvanın Kərki kəndinə daha uyğundur. Çünki hər iki kənd dövlət sərhədlərindən çox aralıdır. Amma Qazaxın 7 kəndi ilə bağlı güzəştə yer yoxdur. Əgər eksklavdakı kəndlərlə əlaqə baxımından arada qalan Ermənistan ərazisi mübahisəlidirsə, o zaman komissiya yaradıla, hesablama aparıla və arada qalan torpaqlara uyğun başqa bir istiqamətdən, dağlıq hissələrdə güzəştlər edilə bilər. Təəssüf ki, informasiyasızlıq var və biz bilmirik ki, bu proses necə olacaq. Hazırda gündəmin məsələsi sərhədlərin delimitasiyasıdır. Amma bu barədə ictimaiyyətə heç bir rəsmi məlumat verilmir. Çox qəribədir ki, Ermənistan tərəfi də bu barədə açıqlama vermir. Lakin Ermənistan Parlamentinin qadın deputatlarından biri son iclasda dedi ki, “7 kəndi Azərbaycana qaytarmaq istəyirlər, bu barədə xalqa məlumat vermək lazımdır”.

– Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə Başkənd məsələsindən danışdı və bildirdi ki, Başkənd onlara qaytarılmalıdır. Amma güzəştlə bağlı nəsə söyləməmişdi…

– Bilirsiniz, işğalda olan ərazilərimizin hamısı qayıdacaqsa, təbii ki, Başkənd də Ermənistana qaytarılmalıdır. Qaytarmamaq üçün müəyyən razılığa gəlinməlidir. Anklavda, eksklavda olan kəndlər üçün xüsusi zolaq yaratmağa ehtiyac yoxdur. Başkəndlə Kərki məsələsində hansısa güzəşt olmalıdır. Hesab edirəm ki, ən yaxşı güzəşt Kərki ilə Başkəndin əvəzlənməsidir. Çünki hər iki kənd dövlət sərhədlərindən xeyli kənardadır. O kəndlər üçün təhlükəsizlik zolağını yaratmağın özü çox çətin məsələdir. Məsələni hər iki tərəfdən komissiya işləməlidir, fikirləşməlidirlər ki, güzəşt necə olsun. Mən real variant kimi deyirəm ki, Kərki ilə Başkəndin əvəzlənməsi mümkündür. Amma Qazaxın anklavdakı kəndləri məsələsini dediyim kimi, Ermənistana məxsus arada qalan ərazilərlə müəyyən dağlıq yerlərdəki əraziləri əvəzləmək olar. Ortada qalan əraziləri hesablamaq, daha sonra sərhədlərdə strateji əhəmiyyəti olmayan dağlıq ərazilərdən anklavı birləşdirən ərazini dəyişmək olar. Yox, Ermənistan güzəşt etmirsə, o zaman həmin kəndlərə təhlükəsiz gediş-gəliş zolağı təmin olunmalıdır. Bunlar hamısı dövlət komissiyası tərəfindən həll edilməlidir. Görünür, bu prosesi başlamaq üçün Rusiya sərhədçiləri həmin əraziyə gəlib.

– Yeri gəlmişkən, SSRİ-nin son illərində Qazaxın Kəmərli kəndi ərazisindən Ermənistana ərazilər verilib. Ərazi dəyişdirilməsi məsələsində Azərbaycan bu məsələni gündəmə gətirə bilərmi?

– Mən Kəmərlidən ərazi verilməsi prosesinin canlı şahidiyəm. 1984-cü ilin okryabr ayında rəsmən Qazaxın Kəmərli kəndinin bir qism əraziləri Ermənistana verildi. Həmin dövrdə Qubadlı istiqamətində də belə bir hal yaşandı. Lakin bu məsələnin Qazaxın işğalda olan 7 kəndinə heç bir aidiyyatı yoxdur. O vaxt hər iki tərəfin razılığı ilə hektarlarla ərazi Ermənistana verildi. Moskva təhdid etdi, necə oldu, bu ayrı məsələdir. Buna görə də indi həmin ərazilərin qaytarılması məsələsini qaldırmaq hüquqi cəhətdən mümkün deyil. Kəmərlidən ərazi 1984-cü ildə verilib, hadisələr isə ondan 4 il sonra başladı. Amma bu məsələlərin hamısını yaradılacaq komissiya gündəmə gətirə bilər. Güzəşt məsələlərində bu ərazilərin Ermənistana verildiyi faktı nəzərə alına bilər. Lakin yenə deyirəm, hüquqi cəhətdən o əraziləri geri almaq mümkünsüzdür.

– Yəni ki, anklav kəndlər arasındakı əraziyə qarşılıq vaxtilə Kəmərlidən verilmiş ərazilər məsələsini qaldırmaq mümkündür. Üstəlik, sərhədlərin delimitasiyası 1984-cü ildən əvvəlki dövrün xəritələri ilə müəyyənləşəcəksə…

– Bəli, güzəşt məsələsində məsələ nəzərə alına bilər. Təbii ki, qarşı tərəf bunu qəbul edərsə. Ümumi razılığa gəlmək üçün bir komissiyaya ehtiyac var. Komissiyanın işinə də illərlə vaxt lazım deyil. Vaxt vermək lazımdır ki, bir ay ərzində işləyin, konkret rəy verin. Hətta məsələni bir aya yox, bir həftəyə də həll etmək olar. Çünki burada heç bir tərəfin parlament ratifikasiyasına ehtiyac yoxdur. Ona görə ki, heç bir dövlət işğal etdiyi ərazinin geri qaytarılmasını parlamentdə ratifikasiya etmir.

Müəllif: Anar Bayramoğlu