22 Noyabr 2024

ƏN BÖYÜK AZƏRBAYCANLI – Millət vəkili yazır

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etməsindən 55 il ötür. Yarım əsrdən artıq bir dövrü əhatə edən epoxa xalqımızın və dövlətimizin ən şanlı inkişaf mərhələsidir.

Adətən, zaman keçdikcə tarixi hadisələrin obyektiv qiymətini vermək daha asan olur. Bu, tarixşünaslığın qəbul etdiyi formuldur. Heydər Əliyevin fenomenal şəxsiyyət ucalığı daimi öyrənilməsi vacib olan zəngin xəzinədir. Elm, əxlaq, mənəviyyat, cəsarət, sədaqət, mərdlik xəzinəsidir…

Tariximizin Heydər Əliyev dövrünü çoxsaylı istiqamətlərdə, kontekstlərdə təhlil etmək, araşdırmaq olar. Məsələn, Ulu Öndərin böyük qürur hissi ilə səsləndirdiyi “Mən hakimiyyətdə olduğum dövrdə bir qarış torpağımızı güzəştə getməmişəm” fikirinin həyatda necə gerçəkləşdiyinə diqqət edək.

Heydər Əliyevin hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il tarixindən iki ay əvvəl 7 may 1969-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Azərbaycan SSR ilə Ermənistan SSR arasında sərhədin qrafik təsvirinin təsdiq edilməsi haqqında (№805-VII) Qərar qəbul edilmişdir. Qərarda deyilirdi: “Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR ilə Ermənistan SSR arasında Zaqafqaziya MİK tərəfindən təsdiq edilmiş sərhədin qrafik təsvirinin dürüstləşdirilməsinə dair Paritet komissiyasının Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təqdim olunan materiallarını nəzərdən keçirərək qərara alır:

1. Azərbaycan SSR ilə Ermənistan SSR arasında Zaqafqaziya MİK tərəfindən təsdiq edilmiş sərhədin göstərilən respublikaların Paritet komissiyası tərəfindən 1:25.000 miqyaslı topoqrafik xəritələrin vərəqələrinə keçirilmiş və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təqdim olunmuş qrafik təsviri bəyənilsin.

2. Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, respublika sərhədi təsvirinin müvafiq sahələrdə Ermənistan SSR nümayəndələri ilə birlikdə naturaya köçürülməsini bu il noyabırın 1-dək təmin etsin”.

Sənədi Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M.İsgəndərov və katib Z.Şükürova imzalamışdır.

İlk baxışda qərarda qeyri-adi heç nə görsənmir. Lakin bu qərarın altında nələr yatırdı? Bu qərar, əslində, özündə nəyi ehtiva edirdi? Heydər Əliyev bu qərarla bağlı sonralar deyirdi: “Köhnə xəritələri çıxartmışdılar – 1929-cu ilin, 1930-cu ilin xəritələrini. İki-üç il danışıqlar getdi. Təəssüf ki, bu danışıqlar nəticəsində 1969-cu ilin may ayında, həqiqətən, Azərbaycanın Ali Soveti belə bir qərar qəbul etmişdir ki, həmin o səhəddə olan torpaqlar Ermənistana mənsubdur və Ermənistana verilməlidir. Qərara görə, Tovuzun, Gədəbəyin, Qazaxın, Laçının və Qubadlının kəndlərinin bir hisssəsi Ermənistana verilməli idi. İyun ayında mən Azərbaycana rəhbər seçilən kimi bir ay müddətində bu məsələni təhlil etdim və həmin o qərardan imtina etdim. Moskvadan güclü təzyiq var idi. Deyirdilər ki, artıq qərar qəbul edilib icra etmək lazımdır. Nə qədər cəhd etdilər ki, o qərar həyata keçsin, mən buna yol vermədim”.

Araşdırma zamanı ortaya çıxan fakta əsasən acı təəssüf hissi ilə qeyd etməliyik ki, sözügedən “humanist” qərarı imzalayan Məmməd İsgəndərovun qardaşı 1918-ci illərdə ermənilər tərəfindən qətlə yetirilmişdi. Lakin ermənilər tərəfindən ailə faciəsi yaşamış bir insanın vəzifə karyerasını qorumaq, “yuxarıların” yanında yaxşı olmaq məqsədilə belə bir addım atması ağlasığmaz idi. Biz bu cür hadisələrdən tarixi ibrət çıxarmalı və Azərbaycanın ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyan Heydər Əliyevin şəxsiyyətini örnək götürməliyik.

Bəli, Heydər Əliyevin həyat kredosunun məhz Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığı olması artıq o dövrdə də heç kimdə şübhə doğurmurdu. Qeyd etməliyik ki, Azərbaycana qarşı daim torpaq iddiaları irəli sürən ermənilərlə profilaktik iş aparan, onları bu zərərli tendensiyadan əl çəkməyə çağıran Heydər Əliyevin tapşırığı əsasında DTK da prosesi nəzarətə götürmüşdü. 1970-ci illərədək erməni millətçiləri “Qarabağ ərazisinin tarixən Ermənistana məxsus olması” məsələsini açıq şəkildə qaldırırdılar. Bu “fəaliyyət”də əsas rol İrəvanın millətçi dairələri tərəfindən istiqamətləndirilən vilayət (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) ziyalıları və gənclərinin bir hissəsinə məxsus idi. 1972-1974-cü illərdə təkcə vilayətin ərazisində Heydər Əliyevin tapşırığı əsasında Azərbaycan DTK-nın materialları əsasında 35 nəfər erməniəsilli şəxslə profilaktika işləri aparılmış və onlara rəsmi xəbərdarlıq edilmişdi.

Heydər Əliyevin hələ DTK-nın sədri olduğu illərdə Azərbaycan ədəbi mühitində o dövr üçün böyük əks-səda yaratmış “Altmışıncılar nəsli”nin yetişməsində müstəsna xidmətləri olmuşdur. Heydər Əliyev respublikaya rəhbərliyi dövründə fərqli ədəbi estetik görüşə malik yeni ədəbi nəslin formalaşmasına şərait yaratmış, yaradıcılıqlarına yüksək qiymət verərək onlara dövlət mükafatları, təltifləri verilməsini təmin etməklə qorumuşdur.

Heydər Əliyev hansı dövrdə olursa-olsun, Azərbaycan xalqına xidmət edən şəxsləri yüksək qiymətləndirmiş, onlara yüksək dəyər vermişdir. Buna iki nümunə göstərək.

Heydər Əliyev DTX əməkdaşları ilə görüşdə ictimaiyyət tərəfindən tanınmayan bir şəxs – Novruz Rizayev haqqında danışır. Onun sovet dönəmindəki xidmətlərini ictimaiyyətə belə açıqlayır: “Təsəvvür edin, 1920-ci ildən sonra bir dəfə Mircəfər Bağırov bu orqanın başında olub, onun da tərcümeyi-halı və Azərbaycan xalqı qarşısında etdiyi cinayətlər sizə məlumdur. Qısa müddət, 1926-1928-ci illərdə Novruz Rizayev bu orqana rəhbərlik edibdir. Amma onun da başına çox böyük bəlalar gətiriblər, 1938-ci ildə onu həbs edib öldürüblər”. Heydər Əliyev N.Rizayevi vətənpərvər bir ziyalı kimi xarakterizə edərək M.Bağırovun qrupunun məhkəməsi zamanı istintaq materiallarının içərisindən onun 1937-1938-ci illərdə Stalin repressiyasına qarşı yazdığı məktubunun tapılmasını bildirməklə istənilən şəraitdə xalqa xidmət etməyin ən gözəl əxlaq nümunəsi olduğunu vurğulayıb.

Heydər Əliyev bu cür insanlara həmişə hörmət edirdi. Novruz Rizayevin oğlu Kərim Rizayevi himayəsinə alaraq onu yüksək dövlət vəzifəsinə təyin etməklə, onların ailəsinin qayğısına qalmışdır. Qeyd edək ki, Kərim Novruz oğlu Rizayev Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsinin rəisi kimi mühüm dövlət vəzifəsi tutmuşdur. İkinci bir nümunə isə Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan M.Rəsulzadə ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi birinci dönəmdə senzuranın rəisi təyin olunmaq üçün namizədləri diqqətlə araşdırarkən Ulu Öndərə məruzə edirlər ki, bir nəfər yaxşı namizəd var, ancaq Rəsulzadənin qohumudur, ona görə düşünürük ki, olmaz. Heydər Əliyev tərəddüd etmədən Rəsulzadənin qohumunu həmin vəzifəyə təyin edir. Bu barədə Ulu Öndər Rəsulzadə ailəsi ilə görüşdə özü danışır. Göstərdiyimiz nümunələr Heydər Əliyevin şəxsiyyətini səciyyələndirən faktlar silsiləsinin, sadəcə, iki məqamıdır.

Heydər Əliyev fenomenindən danışarkən onun müstəqillik ideyalarına bağlılığından bəhs etməmək mümkün deyil. Hələ sovetlər dönəmində Ulu Öndərin Azərbaycan SSR-in dövlət himninə dəyişiklik edərək, mətnə “Respublika” sözü əlavə etdirməsinin maraqlı tarixçəsi var. Heydər Əliyevin Azərbaycan SSR dövlət himnində “diyar” sözünün çıxarılaraq “Respublika” sözü ilə əvəz edilməsi təklifinə komissiya tərəddüdlə yanaşsa da, onun qətiyyəti ilə bu məsələ öz müsbət həllini tapır.

1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin də maraqlı tarixçəsi var. Rus dilinin hakim dil olduğu sovetlər birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü. Lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə də həlledici rol oynadı. Burada xüsusi vurğulamalıyıq ki, Sov.İKP MK-nın bu sahəyə məsul olan katibi Azərbaycan dilinin dövlət dili kimi konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Tarixçi-alim M.Qasımlı öz kitabında qeyd edir ki, Ukrayna KP MK-nın birinci katibi Şerbitski Heydər Əliyevə qarşı çıxaraq deyirdi ki, “siz konstitusiyanıza belə bir maddə yazdıqda, gərək biz də dövlət dili haqqında maddə əlavə edək”. Buna cavab olaraq Azərbaycanın rəhbəri ona bildirir ki, “sizə heç kim mane olmur, böyük respublikasınız, ölkədə sizin xüsusi çəkiniz vardır, istəsəniz yaza bilərsiniz, kimsə sizə mane olmaz”.

Heydər Əliyev L.İ.Brejnevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan “SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir” maddəsi də layihədən çıxarılır.

2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in konstitusiya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Qeyd etməliyik ki, 1921-ci ildə Azərbaycan SSR Konstitusiyasında ana dilimiz haqqında heç bir maddə salınmamışdır. 1937-ci ildə isə Azərbaycan SSR Konstitusiyası layihəsində nəzərdə tutulurdu ki, dövlət dili türk dilidir. Moskvadan tapşırıq gəlir ki, həmin maddə çıxarılsın. Belə də olur, sonra isə bu məsələ tamamilə unudulur.

Ulu Öndər Heydər Əliyev “xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir” söyləyərək bu məsələdə müstəsna xidmətlərinin olmasına baxmayaraq, bu tarixi uğuru xalqımızın böyük qələbəsi kimi qiymətləndirirdi. Əlbəttə, Heydər Əliyevin ana dili məsələsində prinsipial, qəti və barışmaz mövqe tutması rus dilinin tam əleyhinə getməsi demək deyildi. O yaxşı başa düşürdü ki, SSRİ xalqlarının elmi, mədəni tərəqqisi, dünyaya çıxışı əsasən rus dili vasitəsilə həyata keçirilir. Dünyanın ən son elmi və mədəni nailiyyətləri ölkədə məhz ilk olaraq rus dilinə, sonra isə milli dillərə çevrilirdi. Buna görə də Ulu Öndər azərbaycanlıların ikinci dil kimi rus dilini mükəmməl bilmələrinin tərəfdarı kimi çıxış edirdi. Böyük rəhbər azərbaycanlıların yalnız ana dili çərçivəsində məhdudlaşıb qalmasının da əleyhinə idi.

Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu.

Ümummilli Lider ana dilinin saflığına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb edirdi. Azərbaycanın rəhbəri, hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi.

Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində Heydər Əliyev ana dili haqqında uca səslə, çəkinmədən deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi, mədəni tərəqqisi mümkün deyildir.

…Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəşrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır”.

Ulu Öndərin sovetlər dönəmində inkişaf etdirdiyi müstəqllik konsepsiyası onun sonrakı fəaliyyətinin də ana xəttini təşkil edirdi. Çünki Heydər Əliyevin dövlətçilik və müstəqillik təfəkkürü tarixi şüura əsaslanırdı. O, ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan Ali Sovetinin iclasında ilk çıxışlarından Azərbaycanın müstəqil yaşaya bilməyəcəyi ilə bağlı irəli sürülən diletant fikirləri rədd edərək müstəqillik konsepsiyası irəli sürdü. Bu isə əsrin əvvəllərində iki qrupa ayrılmış Azərbaycan ziyalılarının kəskin dilemması qarşısında müstəqillik ideyalarının tərəfdarlarının milli düşüncəsinin davamı idi.

Heydər Əliyevin müstəqilliklə bağlı bu düşüncələri məhz yuxarıda qeyd etdiyimiz kimi, tarixi şüura əsaslanırdı. Ulu Öndər hələ Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının müstəqilliyi ilə bağlı ilk və kəskin addımları atmaqla Azərbaycanın müstəqillik tarixinin ən böyük şəxsiyyətinə çevrildi.

17 noyabr 1990-cı il gününün müstəqillik tariximizdə müstəsna rolu var. Ölkəmizin həyatında dönüş nöqtəsi sayılan həmin əlamətdar hadisə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və buradakı fəaliyyəti, milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar Azərbaycanın müstəqillik tarixinin qızıl səhifələridir. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Ulu Öndərin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu.

Bununla əlaqədar Ümummilli Lider Heydər Əliyevin öz əli ilə yazdığı Ali Məclisin Qərarında deyilirdi:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:

1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

Bundan sonra yeni qəbul olunmuş bayraq zala gətirilir, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi ucaldılır.

Odövrkü naşı səriştəsiz siyasətçilər qısqanclıq üzündən Azərbaycan xalqının istəyinin əksinə olaraq Heydər Əliyevin dövlət rəhbəri kimi fəaliyyətinə maneələr yaradırdılar. Lakin çox keçmədi ki, bir həqiqət hər kəsə aydın oldu: Müstəqil Azərbaycanın işıqlı gələcəyi yalnız Ulu Öndərin adı ilə bağlıdır. Bundan sonra Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət və xalqın haqlı tələbi ilə Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi təmin olundu. Ulu Öndərin ölkəmizə rəhbərlik etməsi Azərbaycanın siyasi həyatının qızıl dövrüdür. Heydər Əliyev ideoloji olaraq müstəqillik konsepsiyasını dövlətin siyasi prioritetinə çevirdi.

Böyük dövlət adamı Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakılar təşkil edirdi:

1) Dövlət müstəqilliyi;

2) Demokratiya, siyasi plüralizm, şəffaflıq;

3) Hüququn aliliyi;

4) Sosial ədalət.

Heydər Əliyev hər bir çıxışında tarixi məsuliyyəti dərk etməyə, azadlıq və istiqlaliyyətimizin əldə olunmasında bütün gücümüzü səfərbər etməyə çağırırdı: “Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm”.

Tarix sübut edir ki, milli ideologiya xalqların özünüdərk prosesində və dünya xalqları içərisində öz yerini müəyyənləşdirməsində əsas faktordur. Dövlət xalqın qalxanıdır. Dövlət olmadan xalq özünü realizə edə bilməz. Dövlət-Xalq vəhdətini yaratmaq üçün isə hökmən ideologiya lazımdır. Heydər Əliyevin dövlətçilik təfəkkürü bunu realizə etməyə imkan verdi və məhz bu təfəkkürlə o, azərbaycançılıq ideologiyasını yarada bildi.

Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi, peşəcə tarixçi diplomat olan Prezident İlham Əliyev demişdir: “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq… Azərbaycanda bu siyasətin alternativi yoxdur”.

Heydər Əliyevin ən böyük uğurlarından biri də özünün layiqli siyasi varisini yetişdirməsidir. Məhz Heydər Əliyevin siyasi varisi Müzəffər Ali Baş Komandan 200 illik məğlubiyyət sindromuna 44 günə son qoyaraq bizə ən böyük zəfəri yaşatdı.

Qarşıdakı aylarda isə biz dünyanın ən mötəbər tədbirlərindən birinə – COP29-a evsahibliyi edəcəyik. Bu barədə Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüşdə çıxış edən cənab Prezident İlham Əliyevin nitqində son nailiyyətlərimiz də öz əksini tapmışdır: “Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq. Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”.

Azərbaycan xalqı öz gələcək inkişafını yalnız Heydər Əliyev siyasi kursunun davam etməsində və Müzəffər Ali Baş Komandan İlham Əliyevin parlaq fəaliyyətində görür. Ötən 55 ilin misilsiz hadisələri, şərəfli məqamları isə bu həqiqəti ən aydın şəkildə isbat edir.

Sadiq Qurbanov, 

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri