09 Dekabr 2022

Emilya Rəhimova: Şanlı tarixi Zəfərimiz bizimlə əbədi olacaq

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.Dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edib.

İlk növbədə, Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdi ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

Biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Faktiki olaraq, müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi, bəzi hallarda panikaya qapılırdı, isterikaya qapılırdı. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.

Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq.

Bir sözlə, müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir.

Sonda Ali Baş Komandan hərbçilərə onlarla fəxr etdiyini bildirdi. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı