09 Dekabr 2022

Emiliya Rəhimova:Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı. Sonra birgə foto şəkil çəkdirildi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamladı və çıxış etdi, müzakirə olunacaq məsələlərdən, Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələrdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdırdı və şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı dilədi.

Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik.

Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub.

Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq.

Ölkə başçısı çıxışının sonunda Özbəkistanı bu Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik etdi və türk dünyası xalqlarına sülh, rifah, xoşbəxtlik arzuladı.

Daha sonra bir sıra sənədlər, o cümlədən Səmərqənd Bəyannaməsi imzalandı.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı