08 Sentyabr 2024

Elza Seyidcahan: “Dahilərimizin heykəllərinin Şuşaya qaytarılması böyük hadisədir”

“Dahilərimizin heykəllərinin Şuşaya qaytarılması böyük hadisədir”.

Bu sözləri Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Musavat.com-a açıqlamasında bildirib.

Əməkdar artist qeyd edib ki, Şuşada digər abidələrin də ucaldılmasına ehtiyac var:

“Prezidentimiz dahi Üzeyir bəyin, Bülbülün, Xanqızı Natəvanın güllələnmiş heykəllərini öz yerinə, doğma Şuşamıza qaytardı. Əlbəttə ki, bu çox böyük və gözəl hadisədir. İstərdim ki, Şuşada digər, o cümlədən Prezidentimizin dəmir yumruq abidəsi ucaldılsın. Elə bir hündür və möhtəşəm abidə olsun ki, Xankəndidən belə görünsün. O yumruğun əzəməti, möhtəşəmliyi bir daha düşmənə mesaj versin ki, biz birlikdə güclüyük. Kim ki, sülhü sevir bu dəmir yumruqda birləşir. Həmin dəmir yumruqda nəinki Azərbaycanın, azərbaycanlıların, eyni zamanda dünyadakı digər xalqların sevgisi, məhəbbəti öz təcəssümünü tapsın.

Məlum olduğu kimi Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Tezliklə müqəddəs Şuşamızda musiqi festivalları, konsertlər, ədəbi tədbirlər keçiriləcək. Mən də arzulayıram ki, Şuşaya həsr etdiyim “Şuşa” simfonik poemamı məhz Şuşada simfonik oskestrin ifasında təqdim edim”.

Xalidə Gəray
Musavat.com