Elxan Cəfərov: “Kino sahəsinin inkişafı ilə bağlı yeniliklər olacağına böyük ümid edirik”

Azərbaycanın tanınmış kino aktyoru və rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov pandemiya dövründəki yaradıcılığı ilə bağlı Musavat.com-a danışıb.
Elxan Cəfərov ilk olaraq ötən gün sosial şəbəkələrdə yayılan proyekt işinin görüntülərindən söz açıb:
“Sosial şəbəkələrdə paylaşdığım video 20 Yanvar hadisələrindən və dənizçilərin qəhrəmanlığını əks etdirən bir proyekt idi. Hesab edirik ki, pandemiyadan sonra bu proyekti başa çatdıracağıq Pandemiya dövründə hamı kimi bizim böyük çəkilişlərimiz tamamilə dayanıb. Yalnız bəzi xırda işlər görmüşük. Məsələn, Eyyub Yaqubovun bir klipini həyata keçirmişik, hansı ki, bu günlərdə təqdim olunacaq. Yəni hazırda elə də gərgin bir işimiz yoxdur”.
Elxan Cəfərov qeyd edib ki, aktyor və rejissorların bir il yaradıcılıqdan uzaq düşməsi təsirsiz ötüşməyəcək:
“Əlbəttə ki, bir ilə yaxındır ki, pandemiya səbəbindən yaradıcılıqdan uzaq düşmüşük. Yenidən işə necə adaptasiya olunacağımız, köhnə iş rejiminə qayıdacağımızı zaman göstərəcək. Bəlkə də daha gərgin rejimlə çalışacağıq”.
Əməkdar incəsənət xadimi Qarabağ həqiqətləri və Vətən müharibəsi haqqında film çəkmək istədiyini də qeyd edib:
“Bu haqda təkcə mən yox, demək olar ki, bütün rejissorlar, hər kəs düşünür. Hesab edirəm ki, gələcək illərdə Qarabağ həqiqətləri, Vətən müharibəsi haqqında filmlər çəkəcəyik. Bu mövzu hər birimizə aiddir. Daxili sarsıntılarımız, psixoloji durumumuz, bir xalq olaraq özünü dərk etmə və bütün bunların hamısı yenidən, daha dərindən dərk olunaraq, təqdim edilməlidir.
Əgər əvvəllər fikrimizdə daha çox Qarabağı geri qaytarmaq düşüncələri var idisə indi Qarabağ artıq bizimdir. Bu səbəbdən indi daha irəli getmək, yüksək nailiyyətlər əldə etməliyik”.
Elxan Cəfərov yeni təyin olunan mədəniyyət nazirindən çox böyük gözləntiləri olduğunu da qeyd edib:
“Əlbəttə ki, yaxşılığa doğru gözləntilərimiz var. Əgər yeniliyə istək olmasaydı bu dəyişikliklər olmazdı. Beləliklə, dəyişikliklər yeniliklərin carçısıdır. Yeni nazirimiz, eyni zamanda, nazirliyin kino sahəsindəki kadrları gənc və yeni kadrlardır. Əlbəttə, gəncliyin düşüncəsi daha dinamik, çevik, məntiqli olur. Bu baxımdan kino sahəsinin inkişafı ilə bağlı yeniliklər olacağına ümid edirik”.
Xalidə Gəray
Musavat.com