21 Dekabr 2024

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür

Qarabağ işğaldan azad edildikdən sonra Kəlbəcər istiqamətində əsgərlərimiz tərəfindən bəbirlər müşahidə edilib. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksəkkeyfiyyətli foto və videosu əldə edilib.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda keçirilən mətbuat konfransında deyib.

E. Əsgərov bildirib ki, bəbirin təbii qidası olan bezoar keçilərinin bu ərazilərdə sıx məskunlaşması da bu nadir növün Qarabağda yayılmasının əsas şərtlərindəndir. Onun sözlərinə görə, Qarabağ vulkanik yaylasında həm də ən qədim zamanlardan bəri bəbirlərə rast gəlinib.

“Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır. Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökumətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir” – deyə E. Əsgərov qeyd edib.