Əliyevlə Paşinyan arasında kritik görüş – Brüsselin üçüncü cəhdi
Aİ Şurasının vasitəçiliyi ilə keçiriləcək görüşdə Paşinyan “məşhər ayağı”na çəkiləcəkmi? Fərqli proqnozlar
Mayın 22-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. “Yeni Müsavat” bildirir ki, bu barədə Avropa İttifaqından məlumat verilib.
Hələlik üçtərəfli görüşün gündəliyi açıqlanmayıb. Amma böyük ehtimalla, sülh müqaviləsi və sərhədlərin dəqiqləşdirilməsinə dair tərəflərin öncə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişi əsas diqqət mərkəzində olacaq. Məlumdur ki, bu öhdəlikləri erməni tərəfi – baş nazir Nikol Paşinyan xüsusən də Moskva səfərindən sonra qulaqardı eləməyə başlayıb. Xatırladaq ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da, ondan əvvəl isə ötən il dekabrın 14-də baş tutub.
Qeyd edək ki, sonuncu, dörd saatdan artıq davam edən Brüssel görüşündə iki mühüm razılaşma əldə olunmuşdu. Birincisi, sülh sazişi ilə bağlı. Belə ki, tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində anlaşmışdıla. İkincisi, sərhədin delimitasiya və demarkasiyası ilə əlaqədar. 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına dair razılıq əldə olunmuşdu. Birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir.
Bununla da İrəvan Bakının təklif etdiyi 5 baza prinsipini “əlavəsiz” qəbul edib. Üstəlik, ortada “status”, yaxud “münaqişə”yə dair heç bir qeyd olmayıb. Azərbaycan Prezidenti də N.Paşinyanın Brüssel görüşündə Bakının 5 şərtini qəbul etdiyini bəyan edib. Amma Paşinyanın Moskva görüşündən sonra revanşist meyllər yenidən ortaya çıxmağa başladı. Artıq bir aydır Ermənistanda sülh prosesini pozmağa yönəlik etiraz aksiyaları davam edir. Prezident Əliyev litvalı həmkarı ilə 18 may görüşündə Ermənistanın danışıqları pozmaq üçün növbəti dəfə cəhdlər etdiyini, birgə komissiyaların müzakirələrə başlaması barədə razılaşmaları pozduğunu nəzərə çatdırmışdı.
Bundan sonra Litva prezidenti İrəvanda oldu və çox güman ki, Bakının mövqeyi İrəvana çatdırılıb. Elə eyni vaxtda üçtərəfli növbəti görüşün Avropa İttifaqı Prezidentinin iştirakı ilə keçirilməsi barədə açıqlama da diqqət çəkir. Lakin Ermənistan ordusunun Kəlbəcər istiqamətində yenə təxribatlar törətməsi, hansısa “status”dan danışılması və sair məsələlər, eyni zamanda Rusiyada Paşinyanın qulağına deyilənlər optimist olmağa imkan vermir. Üstəlik də İrəvandakı aksiyaların getdikcə qızışması təsadüfi deyil. Təsəvvür edin, “Müqavimət” müxalifət hərəkatının üzvləri İrəvana səfər edən Litva prezidenti Gitanas Nausedanın prezident iqamətgahına daxil olan kortejini “Nikol satqındır!”, “Türksüz Ermənistan!”, “Nikolsuz Ermənistan”, “Ayıb olsun!” şüarları altında qarşılayıblar. Litva nümayəndə heyətini və Nausedanı iqamətgah binasına daxil olmazdan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan qarşılayıb. Polis “Müqavimət” hərəkatının tərəfdarlarına iqamətgahın darvazalarına yaxınlaşmağa imkan verməyib. Kadrlardan göründüyü kimi, etirazçılar az qala görüş zalına daxil olmağa çalışırlar, polisin gözü qarşısında. Hansı ki, bu, təhlükəsizlik baxımından normal qarşılana bilməzdi. Çoxmu çətin idi başıpozuq kütləni kənara sıxışdırmaq?
Sözsüz ki, bu, Paşinyan hakimiyyətinin də iştirakı ilə hazırlanan etiraz şousudur. Bununla erməni hakimiyyəti həm Avropaya “demokratik etirazlara şərait yaratdığı” görüntüsünü təqdim edir, eyni zamanda “xalq indiki şərtlər daxilində Qarabağ razılaşmasına qarşı çıxır”, bəhanəsi yaratmağa çalışır. Yəni bütün bu təxribatlarla Brüsselə “əlidolu” getməyi hədəfləyib.
Bəs ekspertlərimizin fikirləri nədən ibarətdir: sabahkı görüşdən əsas gözlənti nədir? Brüssel İrəvanı real sülh prosesinə məcbur edə biləcəkmi? Hər Rusiya səfərindən sonra kəskin şəkildə mövqeyini dəyişən Paşinyandan bundan sonra nəsə gözləməyə dəyərmi?
Hikmət Babaoğlu
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan həmişə sülh tərəfdarı olub və bunun üçün daima ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirib: “Elə 44 gün davam edən Zəfər savaşımızda da məqsəd ərazi bütövlüyümüzü bərpa etməklə sülhə zəmin yaratmaq idi. Hazırda Ermənistanla Azərbaycan arasında sülhü mümkün etməyən səbəb aradan qaldırılıb. Münaqişə predmeti yəni işğal faktı yoxdur. Ancaq buna baxmayaraq, Ermənistan yenə də dolayı yollarla yeni münaqişə yaratmağa cəhd edir, Azərbaycanda yaşayan erməni icmasına müəyyən üstün hüquqlar tələb etməklə Azərbaycanın daxili işlərinə qarışmağa çalışır. Bu isə əsla qəbuledilən deyil. Heç torpaqlarımızın işğal altında qaldığı 30 il müddətdə biz buna razı olmadıq. Ona görə də ermənilər bu romantik radikalizmidən əl çəkməlidirlər. Ancaq təəssüf ki, bu, baş vermir”.
H.Babaoğlunun proqnozuna görə, elə aprel ayının 22-də Brüsseldə keçirilməsi nəzərdə tutulan iki ölkə liderinin görüşü də bu əhval-ruhiyyədə keçiriləcək: “Yəni Paşinyan yenə də hansısa üstün hüquqdan və hətta mümkündür ki, Minsk Qrupundan bəhs edəcək. Azərbaycan isə statusun haraya göndərildiyini bir daha xatırlatmalı olacaq. Lakin bu gündəmə bir qədər pessimist baxış kimi qiymətləndirilə bilər. Çünki rəsmi İrəvan dərk edir ki, belə mövqe ilə sülh əldə etmək mümkün olmayacaq. Sülhün əldə edilməsinin uzanması isə ermənilərin ziyanınadır. Ona görə də ermənilər uduzduqları müharibənin nəticələrini qəbul edə biləcək qədər praqmatik olmalıdırlar”.
Deputat maraqlı bir arqument səsləndirdi: “Bütün hallarda əgər iki ölkənin lideri görüşməyə razılıq veribsə, deməli, hər hansı razılaşma əldə edilmə ehtimalı var. Əks təqdirdə ümumiyyətlə, belə görüş baş tutmaya bilərdi. Əgər Brüsselin təşəbbüsü digər mərkəzlər tərəfindən yenə qısqanclıqla qarşılanmayacaqsa, Ermənistanda sülh tərəfdarı olanlar yenə də bu və ya digər formada, hətta hakimiyyətlərini itirmək qorxusu ilə təhdid edilməyəcəklərsə, Brüsseldə gerçək sülh gündəmi formalaşdırmaq mümkün ola bilər”.
Arzu Nağıyev
Deputat Arzu Nağıyev isə hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş bir hesabat xarakterli ola bilər: “Daha doğrusu, bütün tərəflər öz üzərinə götürdükləri öhdəliklərlə bağlı müzakirələr aparacaqlar. Azərbaycan olaraq biz 5 maddədən ibarət təklilərimizi masa üzərinə qoymuşuq, delimitasiya və demarkasiya ilə bağlı komissiyanın işini başlamışıq. Sual əsasən Ermənistana verilməlidir. Təəssüf ki, Nikol Paşinyan Moskva səfərindən sonra müəyyən bəyanatlar verir və ya bu, pozuculuq işini xarici işlər naziri səviyyəsində aparır. Daxili çəkişmə və ya siyasi şou imitasiyası yaratmaqla guya xalqın adından danışılır”.
A.Nağıyev qeyd etdi ki, Avropa və Rusiya arasında problemlər yaşanır və Rusiya da bunu məhz regional münaqişələr vasitəsilə qabardır: “Azərbaycan rəhbərliyi özünü həddən artıq soyuqqanlı apararaq gerçək siyasət yürüdür. Dəfələrlə qeyd edildiyi kimi, bizim də səbrimiz daşa bilər. Təbii ki, biz hər istiqamətdə öz işimizi görürük və görəcəyik də. Ermənistan və onların havadarları da başa düşməlidirlər ki, regionun təhlükəsizliyi tək onlardan asılı deyil və biz buna nail olacağıq. Bu reallığı Avropa Birliyi də dərk edir və etməlidir də. Ortada siyasi imic, hörmət və nüfuz olmalıdır. Zənnimcə, Avropa bu görüşdə konkret söz deməlidir və görüş xatirinə görüşlərdən imtina etməlidir. Eyni zamanda, İrəvanı real sülh prosesinə məcbur etməlidir”.
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə də öz növbəsində qeyd etdi ki, Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü növbəti dəfə məhz Ermənistanın aprelin 6-dan sonra əldə olunan, lakin sonradan pozulan razılaşmaların məkanında – Brüsseldə keçirilir: “Paşinyan
faktiki olaraq Moskvanın təlimatlarını reallaşdırır və Rusiyanın vasitəçiliyi artıq həll edilmiş Qarabağ məsələsinin ”nizamlanmasına” yönəlib. Biz buna Putin-Paşinyanın görüşündə də şahid olduq. Rusiya lideri konkret iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını deyil, Qarabağ məsələsini qabartdı. Ona görə də artıq Brüssel hərəkətə keçməli oldu. Moskva demək olar ki, Brüsselin vasitçilyinin qarşısını almağa çalışır. Ermənistan da bu prosesdə Kremlin siyasətinə dəstək verir. Nikol Paşinyan Brüsseldə bir söz, Moskvada başqa söz deyir. Bunu da təbii ki, Şarl Mişel qəbul etməyəcək”.
Politoloq vurğuladı ki, Azərbaycan bütün razılaşmalara açıqdır və danışıqlara hazırdır: “Amma Ermənistan anlaşmanı pozur və bu da Avropa İttifaqının region siyasətinin sabotaj etməkdir. Brüssel görüşü birmənalı olaraq Ermənistana təzyiq etmək üçündür. Burada Azərbaycanın mövqeləri güclənir və bir daha aydın olur ki, Ermənistan sülhə qarşıdır”.
M.Əsədullazadə hesab edir ki, Brüssel görüşündən sonra Paşinyan Moskvaya yenidən çağırıla bilər: “Moskva çalışacaq ki, prosesləri tam pozsun. Avropa İttifaqı Ermənistana qəti sürətdə tapşırıq verəcək. Əgər İrəvan hazırkı kursu davam etdirsə, Ermənistan üçün ayrılması nəzərdə tutulan maliyyə vəsaiti verilməyə bilər. Brüssel görüşü aprelin 6-da əldə edilən razılaşmaların icrası üçündür və düşünürəm ki, Ermənistan addım ata bilər. Beləliklə, Ermənistan rəhbərliyinin ikili oyun oynaması Brüssel tərəfindən artıq qəbul edilməyəcək”.
Əlavə edək ki, Azərbaycan Prezidenti bu ilin yanvarında yerli telekanallara müsahibəsində altı aydan sonra Ermənistana ayrılan limitin bitə biləcəyinə eyham vurmuşdu. Sonrakı aylarda həm də xəbərdar etdi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bunlar olduqca ciddi mesajlar idi. Vaxtın tamamına sayılı həftələr qalıb. Bunu Brüsseldə də bilməmiş deyillər…
Elşad Paşasoy,
“Yeni Müsavat”