19 Aprel 2024

Əliyev və Paşinyan bu dəfə Moskvada görüşə bilər – Brüssel prosesinin davamı gələcəkmi?

“Bakını görüşlərin harada keçirilməsindən çox, nəticə maraqlandırır…”

“Azərbaycan və Ermənistanın Brüsseldə sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı razılığa gəlməsi faktının özü danışıqlar üçün çox mühüm əsasdır. Etiraf edək ki, Moskva bunu bacarmadı”.

Bu sözləri rusiyalı tanınmış politoloq Arkadi Dubnov deyib. Lakin o hesab edir ki, istənilən halda Moskva Bakı və İrəvan arasında danışıqlar prosesində öz iştirakını saxlayacaq. “Güman edirəm ki, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı növbəti görüşü Moskvanın vasitəçiliyi ilə keçiriləcək”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan sərhədlərlə bağlı ikinci görüşü Moskvada keçirəcəklər. Rusiya paytaxtında tezliklə iki ölkə liderlərinin də görüşü mümkünmü və bu görüş Brüssel prosesinin davamı ola biləcəkmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçirilən 22 mayda keçirilən görüşü, əldə olunan razılaşmalar, görüşdən bir gün sonra hər iki ölkənin sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyası yaratmaları çox mühüm bir prosesin başlanmasının anonsu idi: “Bundan öncə də görüşlər keçirilib, eləcə də Moskvanın təşəbbüsü ilə görüşlər olub. Amma Moskva bir tərəfdən aktiv görünsə də belə bir komissiyaların yaranmasına nail ola bilmədi. Görünür ki, Moskvanın istək və tələbləri başqa istiqamətdə olub. Kreml istəsəydi bunu bacarardı. Belə görünür ki, Moskva Ermənistana belə bir komissiyanın yaradılması üçün təzyiq etməyib.

Azərbaycan onsuz da dəfələrlə bəyan etmişdi ki, sərhədlərin delimitasiyası və demarkasiyası üçün komissiya yaradılmasına və bu məsələnin tezliklə həllinə tərəfdardır. Bakı sülh sazişinə də hazır olduğunu dəfələrlə bəyan edib. Amma Ermənistan bundan hər dəfə yayınıb. Amma Brüsseldə keçirilən son görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şark Mişelin verdiyi açıqlama və görüşdən sonra dövlət komissiyalarının yaradılması Avropa İttifaqının təşəbbüsünün müsbət nəticələnməsi deməkdir. Moskva isə uzun müddətdir prosesin uzanmasında maraqlı görünür.

Çingiz Qənizadə seçicilərinə müraciət edib -

Çingiz Qənizadə

Amma iddia edə bilmərik ki, Moskva bu prosesdən kənarda qalacaq. Bütün hallarda Rusiyanın Ermənistana ciddi təsir imkanları olduğunu nəzərə alsaq, əminliklə söyləyə bilərik ki, İrəvan sonda Moskvanın diktəsi ilə hərəkət edəcək. Moskva “hə” deməsə, Ermənistan hətta üzərinə götürdüyü öhdəlikləri belə, yerinə yetirməməyə çalışacaq. Deməli, yenə də bu prosesin həlli Avropa İttifaqı ilə Rusiyanın əlindədir. Ermənistanın açarı daha çox Moskvanın əlindədir. Ona görə də biz Rusiyanın Ermənistanı sülh sazişinə məcbur etməsini gözləyirik. Moskva sülhdə maraqlı olub-olmadığını açıq şəkildə ortaya qoymalıdır. Azərbaycan Rusiyanın başlanan bu prosesdə müsbət rolunun olmasını arzulayır.10 noyabr üçtərəfli bəyanatda Vladimir Putinin də imzası var. Bu imzanı Moskva nəzərə alsa hər kəsin xeyirinə olar”.

Ç.Qənizadə hesab edir ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sərhədlərlə bağlı ikinci görüşünün Moskvada keçiriləcəyi də onun göstərir ki, proses başlayıb və burada Rusiya da iştirak edir: “Bizim istədiyimiz odur ki, Moskva bu prosesi heç olmasa dayandırmasın. Əgər Rusiya bu prosesin davam etməsi və irəliləməsi, müsbət nəticələrə gətirməsində maraqlı olacaqsa, Rusiya paytaxtında Azərbaycan və Ermənistan liderlərinin görüşünün mümkünlüyündən danışmaq olar. Məhz belə olacağı halda Brüssel prosesinin Moskvada davamının olduğunu söyləmək mümkündür. Azərbaycan həm Rusiya ilə Avropa İttifaqı ilə münasibətlərini normal saxlayır və saxlamalıdır. Bu amil də danışıqlarda təsirini göstərən amillərdəndir”.

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov isə bildirdi ki, Azərbaycan və Ermənistan arasında ikinci Qarabağ müharibəsindən sonra real olaraq sülh danışıqlarının aparılması prosesi həyata keçirilir. Bu gün diktə edən tərəf Azərbaycandır: “Bunu Ermənistan tərəf qəbul etsə də etməsə də reallıq bundan ibarətdir. Prosesin Moskvada, yaxud Brüsseldə aparılmasından asılı olmayaraq Prezident İlham Əliyev və digər Azərbaycan rəsmiləri daim bu fikri səsləndiriblər ki, Azərbaycanla Ermənistan arasında nəticəli sülh prosesinin olmasında istənilən platformaya açığıq. Təbii ki, əsas şərtimiz bundan ibarətdir ki, bu real və nəticəli proses olsun. Ötən ilin sonlarından indiyə qədər Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə keçirilən üç üçtərəfli görüş həm sülh prosesində irəliləyişə nail olmaq baxımından, həm də prosesdə Avropa İttifaqının aktiv iştirakı baxımından müsbət qiymətləndirilir. Regionda sülhün, sabitliyin təmin olunmasında Avropa İttifaqı maraqlıdır. Azərbaycanın sülh təşəbbüslərinə Avropa İttifaqı pozitiv yanaşır.

Rusiyanın bu məsələdə Avropa İttifaqı ilə maraqlarının uzlaşması bizim üçün müsbət meyillərdir. Baş nazir müavinlərinin növbəti görüşünün Moskvaya təyin olunması da bunu söyləməyə əsas verir. Yəni Brüssel prosesi ilə Moskva prosesinin bir-birinə qarşı olmaması məsələnin xeyirinədir. Əsas məsələ odur ki, keçirilən görüşlər harada reallaşmasından asılı olmayaraq həqiqi, daimi sülhə xidmət etsin. Bizi görüşlərin hansı platformada keçirilməsindən çox nəticə maraqlandırır”.