22 Dekabr 2024

Əlaqələrin möhkəmlənməsi üçün yeni imkanlar yaranır

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Dövlət başçısı İlham Əliyevin oktyabrın 8-də Gürcüstana sayca 11-ci səfəri bunun bariz nümunəsidir. Qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsində öz sözünü deyir. Bundan əvvəl ötən il oktyabrında dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olmuşdur. Eyni zamanda, bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər etmişdir. Mətbuata bəyanatında səfərlərin tez-tez həyata keçirilməsindən məmnunluğunu ifadə edən Gürcüstanın Baş naziri bir neçə aydan sonra Azərbaycana növbəti səfərə gələcəyini diqqətə çatdırdı.  

Qeyd etdilən iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.

Cənab İlham Əliyevin mətbuata bəyanatında “Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir” fikirlərinin davamı olaraq Baş nazir İrakli Qaribaşvili bildirdi ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var. İrakli Qaribaşvili Azərbaycanla Gürcüstanın tərəfdaşlığının və dostluğunun uzunömürlü olacağına əminliyini ifadə etdi.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən il münasibətlərimizin 30-cu ildönümünü qeyd etdik. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq əlaqələrindən, hər iki dövlətin birgə həyata keçirdiyi iqtisadi layihələrdən və  yaxın gələcəkdə reallaşdırılacaq nəqliyyat layihələrindən, Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin, yeni əməkdaşlıq formatlarının yaradılması üçün göstərdiyi səylərdən geniş bəhs edərək bildirdi ki, iki dost ölkənin birgə həyata keçirdiyi layihələr bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət edir. Belə bir əminlik də ifadə olundu ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Region ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Nəqliyyat, enerji təhlükəsizliyi, ticarət sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu Cənubi Qafqaz regionunun gələcəyinə böyük töhfələr verər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri