Əlaqələrin möhkəmləndirilməsində yeni istiqamətlər
Azərbaycanın xarici siyasət uğurları bu gün ikitərəfli əlaqələrinin möhkəmlənməsində və yeni istiqamətlər üzrə inkişaf etdirilməsində özünün aydın ifadəsini tapır. Mayın 16-17-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərimizə, əlaqələrimizin dünəninə və bugününə, qazanılan uğurlu nəticələrin fonunda qarşıdakı dövrlə bağlı müəyyənləşdirilən hədəflərə işıq saldı. Prezidentlərin keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Geniş tərkibdə görüşdə “Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir.
Dövlətimizin başçısı İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata birgə bəyanatlarında da iki ölkənin möhkəm dostluğa əsaslanan münasibətlərindən geniş bəhs edərək bu səfəri məhz dostluq və hörmət əlaməti kimi qəbul etdiyini bildirdi. Səfər çərçivəsində münasibətlərimizin son illərdə inkişafı təhlil edildi, gələcəkdə qarşılıqlı fəaliyyət yolları müəyyənləşdirildi. Yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqların müfəssəl şəkildə təhlil olunacağı və onların icra müddəti üzrə konkret addımların, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslərin və strukturların müəyyən ediləcəyi barədə razılağa gəlindi.
Cənab İlham Əliyev bildirdi ki, müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır: “İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu.”
Müəyyənləşdirilən hədəflərdən aydın görmək mümkündür ki, gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olundu. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bildirdi ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir. Müqayisə üçün qeyd edildi ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni bərpa etmək lazımdır: “Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir.”
Qeyd edək ki, səfər çərçivəsində Prezidentlərin işğaldan azad edilmiş ərazilərimizə-Şuşaya və Füzuliyə səfərləri oldu. Belarus Prezidenti bu torpaqlarda törədilən dağıntıları gördü. Tarixi Zəfərimizdən ötən qısa müddətdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa işləri ilə tanış oldu. Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib: “İlham Heydər oğlu deyir ki, bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır. Amma orada vəziyyət hələ pisdir, dirçəlişdən əvvəl bir çox şeyləri təmizləmək lazımdır. Bu, az iş deyil. Çünki bu, keçmişin ağır fəsadlarıdır, amma torpaqlar qaytarılıb və onları dirçəltmək lazımdır. Bu, Azərbaycanın həll edəcəyi daha uzunmüddətli ağır problem və vəzifədir.”
Aleksandr Lukaşenko iki ölkənin, eyni zamanda, dövlət başçılarının dostluq münasibətlərindən, bu mühüm amilin əlaqələrimizin inkişafında əsas faktor olmasından geniş bəhs etdi. Münasibətlərimizi “Biz sizə qardaş və çox dost ölkəyik, təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyev ilə də yaxşı münasibətlərimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışırdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim. İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq” fikirləri ilə ifadə edən Belarus Prezidenti qeyd etdi ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq. Biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri