28 Mart 2024

Ekoloq: “Meşə yanğınları gələcək üçün ciddi təhlükələrdən xəbər verir”

“Son zamanlar ölkəmizdə meşələrin ən çox yanma səbəbi vətəndaşların ehtiyatsızlığından irəli gəlir. Meşələrin yanması isə çox təhlükəlidir” . 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ekoloji İnformasiya İB – nin sədr müavini, ekoloq Xosrov Musayev deyib. Ekoloq qeyd edib ki, ölkə ərazisinin təxminən 12 faizini meşələr təşkil edir:

“Amma, dünyada bu göstərici 30 faizdir. Bu da onu göstərir ki, biz dünya göstəricisindən qat-qat aşağıyıq. Qeyd edim ki, meşələrin olması, həmin ölkənin havasına, mühitinə çox müsbət təsir edir. Meşələrə insanların hər zaman əbədi ehtiyacı var”. 

Ekoloqun sözlərinə görə, meşələrin yanması ekosistemə ciddi təsir göstərir:

“Təbii ki,  meşələrdə yanğının baş verməsiylə oradakı ağaclarla yanaşı heyvanların mühiti də məhv olur. Çünki torpağın üst hissəsində bitki örtüyü olur və o,  tamamilə məhv olur. Nəticədə həmin ərazilər bir müddət sonra eroziyaya uğrayır və boz dağlara çevrilir. Təzədən ora ağac əkmək isə real görünmür. Ona görə də, birinci növbədə meşələrimiz göz bəbəyi kimi qorumalıyıq. Çünki onlar bizim çox qədimdən qalmış əmanətimizdir”. 

X. Musayev qeyd edib ki, ölkəmizdə bir çox insanlar arasında ekoloji təfəkkür, ekoloji mədəniyyət formalaşmayıb:

“Məhz bu formalaşmadığından onun nəticəsi də çox acınacaqlı olur. Ümumiyyətlə, hər kəs ekosistem deyilən bir anlayışın olduğunu bilməlidir. Qeyd edim ki, meşə ərazilərinin yanması atmosferdə karbon qazını artırır. Ümumilikdə, əgər bu yanğınlar region ölkələrində baş verirsə, bu, ümumi regionun ekosistemə təsir edir. Ekosistemə də təsir edəndə orada yaşayan bütün canlıların həyat fəaliyyətinin mənfi təsir göstərir. Bu da nəticədə də bu ərazinin ekoloji durumu pisləşdirir və ekoloji bir fəlakətə gətirib çıxardır. Çünki meşələr atmosferin əsas ağciyəridir. Meşələr olmayanda isə balans pozulacaq. Balans da pozulanda karbon qazının atmosferdə artması acınacaqlı nəticələrə çıxardacaq. İqlim istiləşəcək, istiləşəndə insanlara və heyvanlara mənfi təsiri olacaq. Bu da nəticədə bütün ekosistem üçün arzuolunmaz nəticələrə gətirib çıxardacaq”.

“Hesab edirəm ki, insanlar arasında mütəmadi olaraq  maarifləndirmə işləri aparılmalıdır. Onlar özlərini təbiətə uyğun qaydada aparmağın qaydaları haqqında biliyə sahib olmalıdırlar. Əgər bütün bunlar olarsa,  o zaman da meşələri yanğın təhlükəsindən qoruya bilərik”, – deyə,  ekoloq sonda qeyd edib. 

Aynurə Pənahqızı