Ekoloji mövzuda tədbir keçirilmişdir
22 may 2021-ci il tarixdə Ağgöl Milli Parkında Beynəlxalq Bioloji Müxtəliflik günü münasibəti ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev bioloji müxtəliflik haqqında geniş söhbət açmışdır. İ.Paşayev bioloji müxtəlifliyin qorunmasının XXI əsrdə ən vacib məsələlərdən biri olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, bioloji müxtəlifliyin qorunub, saxlanılması dünyada baş verən bir çox qlobal problemlərin həlli deməkdir. Sonra tədbirdə sözügedən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Əbülfəz Köçəriyev, həmin idarənin aparıcı məsləhətçisi Fuad Xudiyev, Ekoloji İctmai Birliyin (QHT) sədri Musa Muradlı, Beyləqan rayonundan olan Zaur Quliyev, Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmov, Ağdam Musiqi Kollecinin müəllimi, təbiətsevər Teymur Köçərli və bu sətirlərin müəllifi çıxış edərək təbiətin, eləcə də bioloji müxtəlifliyin həyatımızda oynadığı mühim roldan danışmış və onun həyat üçün zəruri olan amillərdən biri olduğunu nəzərə çatdırmışlar.
Ağgöl Milli Parkının Aran Qarabağ üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi ilə vurğulayan tədbir iştirakçıları belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini qeyd etmişlər.
Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirmişlər.
“Aran”