“Ekoloji informasiya” İctimai Birliyini təmsil edən ekoloqlar Ağdam şəhərində olublar
Dekabrın 5-də “Ekoloji İnformasiya” İctimai Birliyinin bir qrup üzvü işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Media1.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonu üzrə nümayəndəliyinin aparıcı məsləhətçisi Əli Zeynalov “ Ekoloji İnformasiya” İctimai Birliyinin mütəxəsislərini Ağdam şəhərinin indiki durumu ilə tanış edib.QHT təmsilçiləri Ağdam şəhərinin dəhşətli mənzərəsi ilə yaxından tanış olaraq, Ağdam Cümə Məscidi, Şəhidlər xiyabanı, Şahbulaq qalası, Qiyaslı Məscidinə baş çəkiblər.
Ağdama səfər edən “Ekoloji İnformasiya” İctimai Birliyinin nümayəndə heyəti Ağdam Cümə məscidini ziyarət edəndən sonra Şəhidlər xiyabanında olublar. Şəhidlərin ruhuna fatihə surəsi oxunub.
Şəhidlər xiyabanının ardınca Qiyaslı məscidində də görünən mənzərə ürəkağrıdır. Darmadağın edilmiş məsciddən ermənilər donuz saxlamaq məqsədilə istifadə edirmişlər.
Şahbulaq qalasında isə durum bir az fərqli görünür. Qala dağıdılmayıb,abaddır. Bunun da səbəbi, ermənilərin qalanı özününküləşdirmək, erməni milli irsi kimi təqdim etmək niyyətindən irəli gəlib.Ermənilər Şahbulaq qalasının ərazisində Tiqranakert şəhərinin qalıqlarını aşkar etdiklərini uydurmaqla tarixi saxtalaşdırmağa çalışır, qalanı öz adlarına çıxarırdılar.
Səfər zamanı ” Ekoloji İnformasiya” İctimai Birliyinin mütəxəsisləri təəssüratlarını bildiriblər.
Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı Ağdam şəhərində törədilmiş vəhşiliyi bəşəriyyət tarixində analoqu olmayan fəlakət adlandırıb. Ağdamı Qafqazın Xrosiması adlandırılmasını hətta müqayisə kimi qüsurlu sayıb. Onun fikrincə, Ağdam şəhəri XX əsrin ən dəhşətli faciəsi hesab olunan Yaponiyanın Naqasaki və Xrosima şəhərlərindən də çox dağıntılara məruz qalıb. Dünyanın ən ağır ifadəsi ilə burada urbisid həyata keçirilib. Düşmən işğalına məruz qalmış Ağdam şəhərində ekoloji terrorun həyata keçirildiyini , bunun nəticəsində ətraf mühitə , onun bitki ehtiyyatlarının məhvə məruz qaldığını vurğulayıb.
30 ilə yaxın işğal altında olan torpaqlarımızın ekoloji terrora məruz qaldığını qeyd edən “Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev Ağdam şəhərində baş verən urbisid və ekosidi bəşəriyyətin ən qəddar cinayəti adlandırıb. Bildirib ki, Ermənistan dövlətinin işğalına məruz qalmış rayonlarımızın, o cümlədən də Ağdam şəhərinin təbiətinə misli görünməyən dərəcədə ziyan vurulub.Meşələr məhv edilib, flora və fauna ciddi itkilərlə üzləşib.Bir çox hallarda torpaqlar səhralaşmaya məruz qalıb.Ekoloq alimin fikrincə Ermənistanın təbiətimizə vurduğu ziyanın aradan qaldırılması illərlə vaxt aparacaq.
Səfər iştirakçısı Rafiq Hüseynov dəhşətli mənzərədən sarsıldığını, ermənilərin törətdiklərinə ad verməkdə çətinlik çəkdiyini bildirib. Ağdam şəhərinin yer üzündən silinməsi üçün düşmənin törətdiklərini alman faşistlərinin əməlləri ilə belə müqayisəyə gəlmədiyini, müharibə vaxtı onların dinc əhaliyə toxunmadığını, bu qədər vəhşiliklər törətmədiyini deyib.
Sonda ekoloqlar Ağdam Sənaye Parkının ərazisində və Ağdam – Bərdə magistral yolunun kənarında salınmış yaşıl sahə ilə tanış olublar. Yaşıllıqların salınması və Ağdam şəhərində başlayan abadlıq quruculuq işləri barədə xüsusi nümayəndəliyin aparıcı məsləhətçisi Əli Zeynalov məlumat verib.
Musa Muradlı- Media1.az