“Ekoloji İnformasiya” İctimai Birliyi növbəti seminarını Ağcabədi rayonunda keçirib+FOTOLAR
Aprelin 12-də Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması ” layihəsinin icra planına uyğun olaraq Ağcabədi rayonunda seminar təşkil edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı çıxış edərək “ Qarabağ İqtisadi rayonunda ekoturizm imkanlarının araşdırılması , monitorinqi və tövsiyyələrinin hazırlanması” layihəsi haqqında məlumat verib. Bildirib ki, uzun illərdən sonra möhtərəm prezidentimizin qətiyyətli və ağıllı siysətinin nəticəsində Qarabağ Ermənistan Respublikasının işğalından azad edilib. Erməni vandalizminin qurbanı olmuş dağıdılan şəhər və kəndlərimizdə abadlıq quruculuq işlərinə başlanılıb. Yaxın illərdə Qarabağın yeni dövranının şahidi olacağıq. Onu da qeyd edib ki, Qarabağın təbiəti , səfalı yerləri ekoturizm inkişafı baxımından əlverişli layihələrin həyata keçirilməsinə imkan verir. Qarabağın dağlıq hissəsi ilə yanaşı aran bölgələrində də ekoturizmin inkişaf etdirilməsi mümkündür. Ağcabədi rayonunun ərazisindəki Ağgöl Milli Parkı bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Odur ki, Musa Muradlı ekoturizmin təşviqini vacib sayıb.
Ekoloji İnformasiya İctimai Birliyinin sədr müavini , aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq, icra olunan layihə üzrə ekspert Xosrov Musayev ekoturizm anlayışı, terminin yaranması, ekoturizmin digər tur növlərindən fərqliliyi barədə tədbir iştirakçılarını bilgiləndirib. Bildirib ki, ətraf mühitin qorunması və insan təsirinin mənfi fəsadlarının minumuma endirilməsi baxımından ən yaxşı tur növü ekoturizmdir.
Ekologiya Nazirliyi yanında İctimai Şuranın üzvü, Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı İctimai Birliyinin sədri Zaur Quliyev bildirib ki, Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Ekoloji İnformasiya “ İctimai Birliyinin “ Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyyələrin hazırlanması” layihəsi aktual mövzu üzərində qurulub. Qarabağın yenidən abadlaşdırılması turizmin inkişafı baxımından yeni imkanların yaranması deməkdir . Zaur Quliyevin fikrincə Qarabağın dağlıq əraziləri ilə yanaşı aran bölgələrində də böyük imkanlar var. Bu baxımdan Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən Ağ göl milli parkı ekoturizm üçün böyük əhəmiyyətə malikdir. Turizmin təbliği və turistlərin bölgəyə cəlb olunması üçün hətta Zaur Quliyev maraqlı ideya da verib. Aran Qarabağ bölgəsində kabab festivalının keçirilməsini təklif edib.
Çıxışının sonunda Ekologiya Nazirliyi yanında İctimai Şuranın üzvü ətraf mühitin qorunmasında vətəndaşları məsuliyyətli olmağa təbii resursların məhvinə yönələn hərəkətlərə laqeyd qalmamağa çağırıb.
Müzakirələrə qoşulan Ağ göl Milli Parkının əməkdaşları ziyarətçilərin olmadığından şikayətləniblər. Onların bildirdiyinə görə , Milli Parka xarici ölkələrdən qonaqlar gəlir, Ağcabədi rayon sakinləri isə həmin əraziləri tanımır. Bunun da əsas səbəbi təhsil müəsisələrində ekskursiyaların təşkilinə göstərilən laqeydlikdir.
Tədbirdə iştirak edən gənclər Ağ göl Milli Parkında olmaq və buradakı ekoloji mühitlə tanış olmaq istədiklərini bildiriblər.
9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev “Ekoloji İnformasiya” İctimai Birliyinin həyata keçirdiyi layihəni yüksək qiymətləndirib. Gələcəkdə bölgənin turizmə açılacağına əminliyini ifadə edib.
Onu da qeyd edək ki, sonda iştirakçılar üçün çay süfrəsi təşkil edilib.
Ekoloji İnformasiya İctimai Birliyinin mətbuat xidməti