23 Dekabr 2024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib

Azərbaycanda “Elektron su təsərrüfatı” informasiya sistemi (ESTİS) üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsi, habelə sistemin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Media1.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, “ESTİS haqqında Əsasnamə”də öz əksini tapıb.

Sənədə əsasən, Nazirliyin ESTİS-in fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları vardır:

– ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

– ESTİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;

– ESTİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

– normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları ESTİS-ə daxil etmək;

– ESTİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına, informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;

– tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün – ESTİS-in dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

– ESTİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

– ESTİS-də dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora təkliflər verir və onların həyata keçirilməsinə nəzarət etmək;

– ESTİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (bundan sonra – Dövlət Agentliyi) təqdim etmək;

– ESTİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılması üçün Dövlət Agentliyinə zəruri şərait yaratmaq;

– bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.