Effektiv xarici siyasət
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi yayımlanıb. Sözügedən müsahibədə vacib məsələlərə toxunan dövlətimizin başçısı həmçinin enerji mövzusu barədə maraqlı fikirlər səsləndirib. Son 20 ildə həyata keçirilən daxili və xarici siyasətin uğurları Azərbaycanın dünya miqyasındakı reytinqini getdikcə artırır. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Xüsusilə, üç il əvvəl Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması ölkəmizi dünyada qalib dövlət kimi tanıtdı. Həmin vaxtdan başlayaraq qələbədən-qələbəyə gedirik. Azərbaycanın sürətli inkişafı artıq dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, televiziya kanallarının da diqqətini cəlb edib. Dekabrın 9-da Prezident İlham Əliyevin “Euronews” televiziyası ilə yayımlanan müsahibəsi də bunu təsdiqlədi. Televiziyanın əməkdaşının ilk sualını “Avropa yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri ciddi iqtisadi inkişafa nail olublar” cümləsi ilə başlaması hər birimizdə qürur hissi yaratdı. Enerji sahəsinin inkişafının neft hasilatından təbii qaz istehsalına keçid etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir.
Yaşıl enerji layihələrinə dair müqavilə və anlaşma memorandumları Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək. Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.
Azərbaycan həmçinin Macarıstan və Serbiya ilə müqavilələr imzalayıb. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir. Avrasiyada və əsasən də Avropada artıq bir neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Ölkəmiz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verib. Bu, dövlətimizin işgüzar əlaqələrinin vacib hissəsi olmaqda davam edəcək.
Məlumdur ki, Bakı küləklər şəhəridir, ölkəmiz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikdir. Yaşıl enerji layihələrinə dair müqavilə və anlaşma memorandumları Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.
Avropaya yaşıl enerji nəql etmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin icrası Azərbaycanın etibarlı enerji tədarükçüsü kimi rolunu möhkəmləndirəcək. Bu istiqamətdə texniki və kommersiya məsələləri həll olunacaq, fiziki kabel çəkiləcək. Həmçinin bu marşrutla verilməsi üçün elektrik enerjisinin istehsalı təmin ediləcək. Bütünlükdə Azərbaycan Avropanın dekarbonizasiyasına töhfə verəcək. Azərbaycan qazı hazırda Avropada kömür istehlakının azalmasında və bununla da dekarbonizasiyada rol oynayır.
Ümumiyyətlə, bugünkü şəraitdə qlobal dünya karbonsuz gələcəyə doğru addımlayır və bütün ölkələr bu prosesin fərqli mərhələlərindədir. Azərbaycan müəyyən mənada şanslıdır ki, kömürü enerji balansından çıxarmaq məcburiyyətində deyil, bunu onilliklər öncə edib. Həmçinin Azərbaycan hazırda külək və günəş enerisi sahəsində layihələr həyata keçirir, ölkəmiz Avropada yaşıl enerjinin iri tədarükçüsünə çevrilmək üçün uzun yol qət edəcək.
Günəş və külək enerjisi kimi alternativ enerji mənbələrindən elektrik enerjisinin istehsalının dünya bazarlarına daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Azərbaycan ümumilikdə 10 qiqavat enerjinin istehsalına dair anlaşma memorandumları imzalayıb və hətta bunların üçdə biri və ya yarısı həyata keçirilərsə, bu Avropa üçün əsas enerji mənbəyi olacaq. İdeya elektrik enerjisinin bu həcmlərinin kabel ilə Gürcüstan sahillərinə, oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya ixrac etməkdən ibarətdir. Bu həcmlərin bir hissəsi şəbəkə üzərindən Türkiyəyə gedəcək.
Bu, ixrac üçün əlçatan qaz həcmlərini artırmağa və Azərbaycanı elektrik enerjisinin böyük ixracçısına çevirməyə kömək edəcək.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı