23 Dekabr 2024

Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir.

Bu günlərdə 44 günlük Vətən müharibəsinin həm kədərini, həm də sevincini yaşayırıq. Kədərini ona görə ki, vətənimizin azadlığı uğrunda neçə-neçə oğullarımız həyatından keçmiş oldu. Atalar,analar oğulsuz, gəlinlər ərsiz, uşaqlar atasız qaldı. Vətənin köksünə saysız hesabsız köz-köz yaralar vuruldu. Tarixboyu xain düşmənin, məkrli ermənilərin xalqımıza qarşı həyat keçirdikləri təcavüzkarlığın qarşısını almağın, cavabını verməyin hesabına qurbanlar verməli olduq. Ancaq , buna baxmayaraq döyüş meydanında ordumuzun fədəkarlığı, qəhrəmanlığı sayəsində Ali Baş Komandanımız xalqımıza böyük qələbə bəxş elədi. 28 illik işğal altında olan torpaqlarımız yağı düşməndən, erməni vəhşilərindən azad edildi. Şuşa zəfəri ilə qələbənin möhtəşəm sevincini yaşadıq. Bu gün də torpaqlarımızın abadlığı, şəhərlərin, kəndlərin yenidən tikildiyini gördükcə sevincimizin həddi-hüdudu olmur.

İndi Qarabağda sürətli abadlıq quruculuq işləri aparılır.Qısa müddətdə möhtəşəm layihələr icra olunub. Şuşaya aparan yol infrastrukturu yaradılıb. 100 km-dən artıq uzunluğu olan Əhmədbəyli – Füzuli-Şuşa yolunun tikintisi yekunlaşdırılıb. Zəngilan, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl rayonlarında da nəhəng layihələrin icrasına start verilib.Daha möhtəşəmi isə 8 ayın içində inşası başa çatdırılmış Füzuli aeroportunun  Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılışının həyata keçirilməsi oldu. Bütün bunları görüb qürur hissi keçirməyə bilmirsən.

Bir il öncə başlayan müharibənin fədakar və vətənpərvər iştirakçıları arasında Ədliyyə Nazirliyinin əməkdaşları da var idi. Hərbi xidmətə yollanan Ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı, o cümlədən könüllü kimi müharibədə iştirak etmiş,  yüksək vətənpərvərlik nümunəsi  göstərmişdilər. Döyüşlərdə iştirak edən Ədliyyə işçiləri  arasında yaralananlar və qəhrəmancasına şəhid olanları da göstərmək olar. Nazirlik tərəfindən onların ailə üzvlərinə qayğı ilə yanaşılır, hər biri ilə ayrı-ayrılıqda  maraqlanılır, mütəmadi olaraq bu kateqoriyadan olan insanların rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirilir.

44 günlük vətən müharibəsində Şəhidlik zirvəsinə ucalanlardan   biri də həmkarımız, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin əməkdaşı Ruhin Xəlilov olub . II Qarabağ müharibəsi başlayanda Ruhin Xəlilov  könüllü olaraq doğulduğu Cəbrayıl Rayon Hərbi Komissarlığına müraciət etmişdir. 21 oktyabr 2020-ci ildə isə Qubadlı rayonun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Ruhin Xəlilova İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir. 

Qeyd edək  ki, Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük inam və əzmlə  həmrəylik nümayiş etdirən ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza dəstək nümayiş etdirmiş, bu məqsədilə könüllü olaraq öz əməkhaqları fondundan Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 1.600.000 manat köçürmüşlər. Bununla yanaşı, ədliyyə işçilərinin  növbəti peşə bayramı ərəfəsində də cəbhəyə yardım edilməsi davam etdirilmiş, əməkhaqlarından 900.000 manatdan çox ianə toplanaraq orduya göndərilmişdir.Əslində, gündəlik dövlət qayğısı ilə əhatə olunan və ən yüksək səviyyədə təchiz edilən Azərbaycan Ordusunun kənar yardımlara o qədər də ehtiyyacı yox idi.Ancaq Ədliyyə qrumlarının  bu təşəbbüsü hərbçilərimizlə həmrəylik nümayişi kimi mənəvi borcu özündə ehtiva etmiş olurdu.Ədliyyə Nazirliyinin əməkdaşları cəbhəyə göstərilən yardımlarla işini bitmiş saymır, eyni zamanda yaralılara qanvermə aksiyalarında da  əksər ədliyyə işçiləri könüllü olaraq qanvermə kampaniyasında fəal iştirak etmişdilər.

Əsası 1918-ci ildə qoyulan Ədliyyə Nazirliyinin noyabrın 22-də 103 yaşı tamam olur.Xüsusi əhəmiyyəti olan bu qrum yarandığı gündən dövlətçiliyimizin hüquqi əsaslarının yaradılmasına xidmət etməklə ədalətin keşiyində dayanıb.Cənab Fikrət Məmmədovun rəhbərliyi ilə Ədliyyə Nazirliyi  bu gün də qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir. Ölkəmizdə qanunun aliliyi , fikir, vicdan azadlığı təmin edilir. Bu baxımdan  Elektron Ədliyyə sisteminin yaradılması insan hüquqlarının təmin olunmasında mühüm amil hesab oluna bilər. Siyasi partiyaların, İctimai Birliklərin qeydiyyatı rahatlıqla aparılır. Qəzet və jurnalların fəaliyyəti üçün müraciətlər dərhal təmin edilir.Bütün bunlar bir daha sübut edir ki, Ədliyyə Nazirliyi insan hüquq və azadlıqlarının təmin olunmasında mütəmadi olaraq innovativ və səmərəli fəaliyyət göstərir.

Ədliyyə nazirliyinin tarixinə baxanda görürük ki, AXC dövründə yaradılmış bu təsisat Azərbaycanda sovet hökuməti qurulandan sonra Xalq Ədliyyə Komissarlığı adı ilə fəaliyyət göstərmişdir. Hətta bir ara Xalq Ədliyyə Komissarlığı ləğv edilərək səlahiyyətləri prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yenidən Ədliyyə Nazirliyi bir orqan kimi dirçəldilmişdir.22 noyabr gününün peşə bayramı kimi qeyd olunması da məhz, Ulu öndərin sərəncamı əsasında olmuşdur. Ədliyyə sahəsi bu gün də cənab prezidentimiz İlham Əliyevin diqqətindədir.Müasir tələblərə uyğun olaraq  məhkəmələrin maddi texniki bazalarının yenilənməsi, yeni məhkəmə binalarının istifadəyə verilməsi bunu bir daha təsdiq etmiş olur.

Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində Zəfər gününü qeyd etmək bizim üçün xüsusilə əhəmiyyətlidir. İndi biz bu günü əvvəlki illərdən daha çox fərəhlə qeyd edirik. 28 ildən artıq işğal altında qalan torpaqlarımızın azad olunması bizim gələcək fəaliyyətimizə ruh yüksəkliyi bəxş edir.  

Sonda qələbəmizin əldə olunması üçün şəhidlərimizi xatırlayır,onların ruhu qarşısında baş əyirəm. Ali baş komandanımıza təşəkkürümü bildirirəm. Qazilərimizə can sağlığı arzulayıram.

Nəriman İsmayılov

 Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi

I dərəcəli ədliyyə qulluqçusu