23 Dekabr 2024

Düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Sİiyasi və iqtisadi potensialı artan ölkəmiz bu gün regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident cənab İlham Əliyev də ölkəmizin təşkilat çərçivəsində səmərəli fəaliyyıtindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyinin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır.

Azərbaycan Müstəqil Dövlətlər Birliyinin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək. Ümumiyyətlə, iqtisadi əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. İqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur.

Bu gün Azərbaycan regionda lider dövlətdir. Bizim inkişaf etmiş iqtisadiyyatımız, yenilməz ordumuz və güclü liderimiz vardır. Azərbaycan xalqı bundan sonra da təməli ulu öndər tərəfindən qoyulmuş siyasətə dəstək verərək Müzəffər Ali Baş Komandan cənab prezidentimiz İlham Əliyevin ətrafında daha da sıx birləşəcək, yeni hədəf və uğurlara doğru inamla irəliləyəcəkdir!

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi