28 Mart 2024

Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir

Bu gün regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs, bu kursun başında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dayanır. Bir çox qlobal təşəbbüsün müəllifi olan Azərbaycan dövlətinin üçrəngli bayrağı nüfuzlu beynəlxalq qurumlar və təsisatlarda əzəmətlə dalğalanır. Beynəlxalq təşəbbüslərin və artan beynəlxalq nüfuzun nəticəsi olaraq Azərbaycan 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərkatında da özünü biruzə vermiş və ölkəmiz 2019-2022-ci illər ərzində qurumun sədri seçilmişdir. Ölkəmizə göstərilən etimadın nəticəsi olaraq quruma sədriliyimiz yekdilliklə verilmiş qərar əsasında bir il daha uzadılaraq 2023-cü ilədək uzadılmışdır.

Dünyada təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı siyasi platformların da fəaliyyəti böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qlobal Bakı Forumu önəmli siyasi platformlardan biridir. Ölkə başçısı eyni zamanda Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, YUNESKO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsinə təşəbbüskarlıq etmiş, nəticədə Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi arenalardan birinə çevrilmişdir.

Müzəffər Rəhbər İlham Əliyevin yüksək diplomatik bacarıqları Türk dünyasında da böyük rəğbət qazanmışdır. Türk dünyasında ölkəmiz adına qazanılmış nüfuz son bir neçə ildə Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməsinə səbəb olmuşdur. Bu dövr ərzində Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərmişdir. Ölkə, İlham Əliyevin rəhbərliyi ilə Türk dünyası ilə yanaşı bütöv İslam aləmində də böyük etimad qazanmış, bu sayədə Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biri olmuş və son illərdə İƏT-in bir neçə konfransına ev sahibliyi etmişdir.

İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmiz ilə yanaşı regionun da nüfuzunu və siyasi aktuallığını artırmışdır. Regionda bu missiyaya xidmət edən Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkə başçısının təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan eyni zamanda, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində ən etibarlı və fəal tərəfdaş olaraq, Şərqlə Qərb arasında körpü rolunu oynayır və tutduğu obyektiv mövqe ilə öz beynəlxalq nüfuzunu durmadan artırır.

Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından biri 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılışının həyata keçirilməsi olmuşdur. Bu gün həmin kəmər təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edir. Ölkə başçısı ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması yolunda atdığı ən böyük addımlardan biri də Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməsi olmuşdur. Ümumi uzunluğu 3500 km olan layihə, 4 seqmentdən ibarətdir. Qaz dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan hazırda Avropa Birliyinin qazla təchizatını həyata keçirən ölkələrdən birinə çevrilmişdir.

Son 19 ildə ölkədə həyata keçirilən ən böyük layihələrdə nəqliyyat infrastruktunun çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət nəticəsində avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması həyata keçirilir. Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Prezident İlham Əliyevin 19 il ərzində Azərbaycanda həyata keçirdiyi daxili və xarici siyasət kursunun nəticələri beynəlxalq arenada müzakirə mövzusu olmuş və yüksək qiymətləndirilmişdir. Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Azərbaycanın son 19 ildə qazandığı ən böyük uğurlardan biri də kosmos ailəsinin üzvünə çevrilməsi olmuşdur. Belə ki, 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bütün sadalanan bu nəaliyyətlər sayəsində Azərbaycanın dünyanın ən çox xarici investisiya yatırımı edilən ölkələrdən birinə çevrilməsinə səbəb olmuşdur. Möhtərəm Prezident İlham Əliyevin ustalıqla həyata keçirdiyi daxili və xarici siyasət kursu bu uğurların təməlində dayanan əsas amildir.

Tamerlan Qaragözov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı