08 Sentyabr 2024

Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu ötdü-Son vəziyyət

Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu keçib ( biz bu materialı hazırlayan zaman 90 milyon 101 min 509 nəfər). Virusdan dünyasını dəyişənlərin sayı isə 1,9 milyonu ötüb. 64,4 milyondan çox insan isə virusa qalib gələrək, sağalıb.

Musavat.com koronavirusla bağlı dünya ölkələrində son vəziyyəti təqdim edir:

ABŞ-da virusa yoluxanların ümumi sayı 22,7 milyona çatıb. Bu günə qədər ölkədə virusdan ölənlərin sayı 381 min nəfər olub.

Ötən gün NBC News-un yaydığı məlumata görə, ölkədə koronavirusun yeni bir növü aşkar edilib. Yeni variant Böyük Britaniyada aşkarlanan mutasiyadan fərqli olaraq, 50 faiz daha sürətlə yayılır. Yayılan məlumatda həmçinin bildirilir ki, yeni növlə bağlı hesabata görə, maska taxılmadığı və sosial məsafə qorunmadığı təqdirdə epidemiya daha kəskin vəziyyət ala bilər.



Qeyd edək ki, hazırda ABŞ-da koronavirusa yoluxmada yaz və yay ayları ilə müqayisədə ikiqat artım müşahidə edilir.

Hindistanda da koronavirus tüğyan etməkdə davam edir. Ölkədə bu günə qədər 151 min nəfər virusun qurbanı olub.

Braziliyada da koronavirusdan ölənlərin sayı kəskin sürətlə artmağa başlayıb. Bu günə qədər 202 mindən çox insan virusun qurbanı olub. Qeyd edək ki, bir neçə gün öncə ölkədə
“Sinovak” şirkətinin və çinli alimlərin birlikdə hazırladığı “KoronaVak” (CoronaVac) peyvəndi sınaqdan keçirilib və müsbət nəticə əldə edilib. Rəsmilər peyvəndin 78 faiz effektiv olduğunu açıqlayıblar. Nəticələrin Braziliyanın Səhiyyə Tənzimləmə Agentliyinə göndərildiyi və istifadəsi üçün dərhal təsdiq ediləcəyi bildirilib.

İngiltərədə də koronavirusun yeni ştammının geniş yayılması səbəbindən ölkədəki ölüm halları da sürətli şəkildə artır. Son bir neçə gündür ki, ölkədə gündəlik yoluxma sayı 50 mindən çox olur. Rəsmilər bildirir ki, ölkənin bir neçə şəhərində vəziyyət çox kritikdir. Belə ki, xəstəxanalar demək olar, doludur. Məhz bu səbəbdən Londonun şərqində yerləşən müvəqqəti tibb ocağı xəstələrin qəbuluna başlayacaq. Qeyd edək ki, bu həftədən etibarən İngiltərədə ardıcıl olaraq üçüncü dəfə sərt karantin rejimi tətbiq olunub.



Rusiyada isə bu günə qədər virusa yoluxanların sayı 3,3 milyondan, virusdan ölənlərin sayı isə 61 min nəfərdən çox olub. Bununla da Rusiya virusa yoluxanların sayına görə dünyada 4-cü sıradadı.

Xatırladaq ki, ötən il dekabrın sonlarından etibarən ölkədə vaksinasiya prosesi başladılıb. Rəsmilərin açıqlamasına görə bu günə qədər 1 milyondan çox insan Rusiya istehsalı olan “Sputnik V” peyvəndi ilə vaksinasiya edilib. Hər gün 100 min doza peyvənd dövriyyəyə buraxılır.

Avropada koronavirus pandemiyasının ən ciddi zərbə vurduğu ölkələrdən biri olan İtaliyada da vəziyyət kritik olaraq qalır. Bu günə qədər ölkədə 78 mindən çox insan virusun qurbanı olub. Ölkədə koronavirusun Britaniyada aşkarlanmış ştammı aşkarlanandan virus daha sürətlə yayılmağa başlayıb. Bu günə qədər İtaliyada 2,2 milyondan çox yoluxma halı aşkarlanıb.

Yerli mətbuat orqanlarının yaydığı məlumata görə İtaliya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki fövqəladə vəziyyəti daha yarım il müddətinə uzatmağa hazırlaşır. Qeyd edək ki, İtaliyada ötən il yanvarın 31-də yarımillik fövqəladə vəziyyət elan olunmuşdu. İyul ayında fövqəladə vəziyyət hökumətin qərarı ilə oktyabrın 15-dək, sonra isə bu il yanvarın 31-dək uzadıldı.

Fövqəladə vəziyyət çərçivəsində hökumət ictimai sağlamlığın qorunması məqsədilə bir sıra sərəncamlar verib. Qarşıdakı həftədə hökumətin ölkədəki epidemioloji vəziyyətin inkişafından asılı olaraq, sərt karantin rejimi ilə bağlı da yeni qərar elan edəcəyi gözlənilir.

Xalidə Gəray
Musavat.com