24 Dekabr 2024

Dövlət siyasətinin müasir modeli

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.

Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır.

Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr Azərbaycanın inkişaf və tərəqqi dövrüdür. Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunmasında sabaha, gələcəyə inam hissi dayanırdı. Dövlət başçısının tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının arzu və istəklərinin reallaşdırılmasına zəmin yaradır. Xalqın inamına arxalanaraq Ali Baş Komandan kimi möhtəşəm qələbəmizlə tarix yazdı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, Qarabağı yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı