13 İyun 2025

Dost ölkələr, strateji tərəfdaşlar

1991-ci il müstəqillik qazanandan sonra Azərbaycan iqtisadi sahədə müstəqil siyasət aparmış, öz suveren hüquqlarından istifadə etməyə başlamışdır. İqtisadiyatın digər sahələri kimi enerji təhlükəsizliyi də hər zaman prioritet istiqamətlərdən birinə çevrilmiş və hökümətinin həyatda keçirdiyi siyasət nəticəsində qlobal enerji təhlükəsizliyi sahəsində mühüm layihələrə imza atılmışdır.

Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələri arasında yer alır və istər iqtisadi istər siyasi arenada öz sözünü qətiyyətlə deyir. Dünyada baş verən enerji böhranı fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən günə artır. Prezident İlham Əliyev Macarıstan səfərində mətbuata verdiyi bəyanatda qeyd edərək bildirmişdir ki, Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.

Azərbaycan sadəcə enerji sahəsində deyil iqtisadiyatın digər istiqamətlərində də Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq edir. Dövlət başçısının da qeyd etdiyi kimi dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. Təkcə keçən il tranzit yüklərin həcmində 75 faiz artım qeydə alınıb.

Ölkə başçısının bundan əvvəl digər Avropa ölkələrinə səfərləri zamanı da strateji əməkdaşlıqla bağlı bir çox müqavilələr bağlanmışdır. Bu da onun göstəricisidir ki, Azərbaycanın inkişafı, siyasi və iqtisadi arenada olan nüfuzu Avropa ölkələrinin də diqqətindən yayınmır və məhz bu səbəbdən Azərbaycan həmin ölkələrin strateji əməkdaşlıq baxımından əsas tərafdaşlarından birinə çevrilməkdədir. Şübhəsiz ki, bunda ölkə başçısı cənab İlham Əliyevin düzgün xarici siyasəti əsas rol oynayır.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı