08 Sentyabr 2024

Distant təhsilin keyfiyyətini yüksəltmək üçün nə etməli – ekspertdən açıqlama

Kamran Əsədov: “Heç bir əsası olmadan onlayn dərslərdə iştirak etməyən şagirdlərə cəzalar tətbiq olunmalıdır”

Artıq 10 aya yaxındır ki, ölkədə ənənəvi təhsil distant təhsillə əvəzlənib. Buna baxmayaraq, hələ də distant təhsilin keyfiyyəti haqqında xeyli narazılıq və şikayətlər var.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışaraq, distant təhsillə bağlı hazırkı durumu şərh edib:

“İlk növbədə qeyd edim ki, artıq 10 aya yaxındır ki, ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərimiz məsafədən təhsil ilə tədris prosesinin iştirakına çevriliblər. Konkret rəqəmlərə və keyfiyyət göstəricilərinə nəzər salanda görürük ki, hazırda Təhsil Nazirliyi tərəfindən təqdim edilən rəqəmlərdə 4447 orta ümumtəhsil müəssisəsində təhsil alan 1,6 milyon şagirdin artıq 1,3 milyon nəfəri portaldan qeydiyyatdan keçib. Bu təbii ki, kifayət qədər yaxşı rəqəm kimi görünə bilər. Lakin ən vacib rəqəm bu rəqəmlərin reallığı əks etdirməsi ilə bağlıdır.

Biz görürük ki, dekabrın 19-da nazirlik tərəfindən keçirilən milli qiymətləndirmədəki ən böyük şagird iştirakı əsasən 4-6-9-cu sinif şagirdləri idi. Yəni təqdim edilmiş rəqəmlərdə daha çox bu sinif şagirdlərinin portaldan keçdikləri bildirilirdi. Məhz həmin zaman gördük ki, şagirdlərin həm alətlərdən istifadə edərək dərslərə qoşulması, eyni zamanda dərslərdə əldə etdikləri biliklər o qədər də ürəkaçan deyil. Həm sosial şəbəkələrdə aparılan müzakirələrdə, eyni zamanda valideynlərin şikayətlərindən görmək olur ki, tam şəkildə təhsilə cəlb olunma həyata keçirilməyib”.

Kamran Əsədov: DİM-ə qarşı məhkəmə iddiası qaldıracağam

Kamran Əsədov qeyd edib ki, şagirdlərin tam şəkildə distant təhsilə cəlb olunmamasının bir neçə səbəbi var:

“Əgər onlayn dərslərin həyata keçirilməsinin səbəblərindən biri alətlərin, yəni kompüter, planşet, internetin olmamasıdırsa, digər səbəb iştirkaçıların məcburi xarakter almaması, dərslərdə həqiqətən də əsaslı səbəb olmadan iştirak etməməsidir. Əsası olmadan dərslərdə iştirak etməyən şagirdlər üçün isə hər hansı cəza ilə əvəzlənməsi kimi bir prosedur qayda nəzərdə tutulmayıb.

Hesab edirəm ki, iştirakçı faizi yetərli olmayan şagirdlərin sinifdən-sinfə keçmə və yaxud onların qiymətləndirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilməlidir. Təbii ki, bu heç də hər kəsə deyil, əsası olmadan dərslərə qoşulmayan şagirdlərə aiddir.

İkinci, iştirakçı ilə bağlı müəyyən həvəsləndirici tədbirlər həyata keçirmək lazımdır. “Ayın şagirdi”, “ayın tələbəsi” nominasiyalarının müəyyənləşdirmək, müsabiqələr təşkil etmək lazımdır. 

Hesab edirəm ki, şagirdlərin dərslərdə iştirakının yoxlanılmasının da ölçüsü aparılmalıdır. Yoxlama ölçü həyata keçirilsə dərslərdə mütəmadi iştirak edən şagirdlərin mükafatlandırılması, eyni zamanda qiymətləndirilməsi digər şagirdlərin də dərslərdə iştirak faizini artıracaq və onlarda maraq yaradacaq”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”