19 Aprel 2024

Diplomsuzlar məscidlərə buraxılmayacaq – proses başlayıb

Dini Komitə rəsmisi: “Dini təhsili olmayan şəxslərin hamısını bir günün içərisində tutduqları vəzifədən azad etmək doğru olmaz”

“Dini orta ixtisas təhsili müəssisələrinə, yəni mədrəsə, İslam kolleclərinə gəlincə, sovetlər dağıldıqdan sonra müəyyən mədrəsələr açıldı. Amma etiraf etmək lazımdır ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan cəmiyyətinə ideoloji baxımdan nüfuz etməyə çalışan xarici dini dairələr məscidlərə, ziyarətgahlara “əl uzatdıqları” kimi, dini təhsil müəssisələrinə də əl uzatmışdılar. Ölkəmizdə həmin dairələr tərəfindən onlarla mədrəsə yaradılmışdı. Onların əksəriyyəti qanunsuz fəaliyyət göstərirdi. Həmin mədrəsələrdə xarici vətəndaşlar tədris həyata keçirirdilər və orada dini təhsil milli maraqlarımıza cavab vermirdi. Təxmini hesablarımıza görə, həmin mədrəsələrdə 1000-dən artıq gəncimiz təhsil alıb. Onların bir qismi təhsil aldıqdan sonra xarici ölkələrə gedib, orada təhsillərini davam etdirib geri qayıdıblar. İddia etmirəm ki, onların hamısı yararsız kadrlardır. Lakin xaricdə dini təhsil almış vətəndaşlarımızın bəzi dini dairələr tərəfindən ideoloji təsirə məruz qaldıqları məlumdur”.

Bu fikirləri “Report”a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni yaradılan Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib. Müsahibədə diqqətçəkən məqamlardan biri də diplomları olmayan şəxslərin bundan sonra  məscidlərdən uzaqlaşdırılması ilə bağlıdır: “Bu prosesə artıq başlanılıb. Əgər desək ki, dini təhsili olmayan şəxslərin hamısını bir günün içərisində tutduqları vəzifədən azad edə bilərik və ya azad etməliyik, bu, doğru olmaz. Çünki bu elə bir prosesdir ki, mərhələ-mərhələ həyata keçirilməlidir. Ötən ildən proses başlayıb və mərhələli şəkildə dini təhsili olmayan şəxslər ixtisaslı kadrlarla əvəz olunur”, – deyə qurum rəsmisi vurğulayıb. 

Ceyhun Məmmədov - Deputat - Azərbaycan Respublikasının Milli Məclisi |  LinkedIn

Ceyhun Məmmədov 

Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, diplomların tanınma qaydası var. Onun sözlərinə görə, xarici ölkələrdə təhsil alan tələbələrin diplomlarının təsdiqini Elm və Təhsil Nazirliyi həyata keçirir: “Dini təhsillə bağlı xüsusi məqam ondan ibarətdir ki, xaricdə dini təhsil almaq üçün bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaq lazımdır. Əks halda, təhsil haqqında sənəd qəbul edilmir. İşə qəbul prosesi ilə bağlı müəyyən məqamlar var ki, onlara diqqət etmək lazımdır. Xaricdə təhsil alan istənilən şəxs Azərbaycana qayıdıb dini fəaliyyətlə məşğul ola bilməz. Dini fəaliyyətlə məşğul olmaq üçün əlavə olaraq DİQK-nın müsabiqəsindən keçmək lazımdır. Xaricdə dini təhsil almış şəxslərin ciddi yoxlamadan keçməsinə ehtiyac var, çünki bəzi hallarda tələbələr ölkəyə zərərli təsirlərə məruz qalmış vəziyyətdə qayıdırlar. Bir sözlə, bu məsələ ilə bağlı konkret mexanizm və qaydalar var. Yeni yanaşma olacaqsa, “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq olaraq həyata keçiriləcək”.

Hay-küylü xəbər başlığı ilə oxucunu bir dəfə aldatmaq olar" - 30.06.2017,  Sputnik Azərbaycan

Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimlinin fikrincə, xarici ölkələrin təsiri altında olan hər hansı din xadiminin Azərbaycandakı mədrəsələrdə dini təhsil verməsi o ölkələrin ideoloji siyasətinin yayılmasına səbəb olur. R.Mirhəşimli hesab edir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi məhz İranın təsiri ilə fəaliyyət göstərən mədrəsələri nəzərdə tutur: “Hər halda, Azərbaycan vətəndaşları dini bilikləri öz ölkəmizin din xadimlərindən öyrənsələr, daha yaxşı olar, çünki şəriət özündə həm də adət-ənənəni ehtiva edir.  Başqa ölkənin din xadimləri bilik verərkən öz ölkələrinin ideoloji dünyagörüşünü aşılamağa çalışırlar. Azərbaycanda xüsusi xidmət orqanlarının İranın casus şəbəkələri ilə mübarizəsi, saxlananların, həbslərin olması bir daha sübut etdi ki, İran yaxın qonşumuz olsa da, dini və siyasi baxışları yanlışdır. Buna görə də  DİQK tabeliyində Azərbaycan İlahiyyat İnstitutu var. Ali təhsil müəssisəsində Ceyhun Məmmədovun rektor olduğu zamanda da, hazırda Aqil Şirinovun rəhbərliyi ilə də təkcə İslam dini deyil, bütün səmavi dinlər tədris edilir. Ehtiyac yaranarsa, beynəlxalq dərəcədə tanınmış müəllimləri müəyyən müddətə tədris prosesinə cəlb etmək olar, lakin düşünürəm ki, buna ehtiyac yoxdur. Azərbaycan 30 ildən artıqdır müstəqilliyini əldə edib. Bu müddətdə Azərbaycanda dini tədris edə biləcək pedaqoqlar, araşdırmaçılar yetişib”.

Diplomları olmayan şəxslərin məscidlərdən tədricən uzaqlaşdırılması prosesini şərh edən ilahiyyatçı xatırlatdı ki, bu proses Bakı İslam Universiteti (red: fəaliyyəti 2018-ci ildə dayandırılıb) nəzdində həyata keçirilirdi. R.Mirhəşimli hesab edir ki, bu istiqamətdə işlərin aparılması təqdirəlayiqdir: “Dini biliklər bir çox elmdən daha üstün səviyyəyə malikdir. Buna görə də öyrənilməsi mürəkkəbdir, elmi araşdırmalar tələb edir. Əvvəlki illərdə ali təhsili olmayan şəxslərin din haqqında danışdıqları, dinə münasibətləri nağılvari tendensiya üzərinə qurulmuşdu. Ali təhsilli insanlar isə dinin daha dərindən, fundamental şəkildə araşdırılmasını istəyirlər və bunun üzərində çalışırlar. Bu baxımından, ali təhsilli din xadimlərinin olması daha təqdirəlayiqdir. Başqa müsəlman ölkələrində prioritet olduğu kimi, bizdə də olmalıdır”.

R.Mirhəşimli orta təhsil müəssisələrində dinlə bağlı fənnin tədris edilməsi təklifinə də münasibət bildirdi: “Hazırda məktəblərdə “Həyat bilgisi” dərs vəsaiti var, lakin mən hesab edirəm ki, bu dərs vəsaiti dinin dolğun şəkildə öyrənilməsinə yardımçı ola bilmir. Dinlərin tarixi elə orta məktəb zamanından öyrədilməlidir. Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmanlardır, buna görə də öz dinimizi öyrənməliyik. Bunu nə qədər tez başlatsaq, bir o qədər faydalı olar. Din haqqında mühüm biliyi orta məktəb illərində əldə edən şəxsləri zamanla başqa istiqamətə yönəltmək çətin olar. Dini düşüncə, dini inanc eyni zamanda vətəndaşlarımızın milli kimliyini göstərən anlayışdır. Bir sözlə, orta təhsil müəssisələrində dinlə bağlı ayrıca fənnin tədrisini dəstəkləyirəm”.