27 Avqust 2025

Diplomatiyamızın parlaq siyasi uğuru

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. 7–9 avqust 2025-ci il tarixlərində baş tutan bu işgüzar səfər, yalnız ikitərəfli münasibətlərin inkişafı və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından deyil, həm də bölgədə yeni geosiyasi reallığın və uzunmüddətli sülhün formalaşması baxımından tarixi əhəmiyyətə malik oldu. Sülh sazişinə gedən yolda atılan əsas addımlar, müxtəlif sahələrdə strateji əməkdaşlığın təşviqi və genişləndirilməsi Azərbaycanın diplomatik qələbəsi kimi yadda qaldı.

Digər tarixi məqam isə ABŞ Prezidenti Donald Trampın “Azadlığı Müdafiə Aktı”nın 907-ci düzəlişinin tamamilə ləğv olunması barədə qərarı imzalaması oldu. 907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ hərbi-texniki əməkdaşlığının tam inkişafına geniş imkanlar açdı. Tərəflər ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması və bununla bağlı birgə müraciətin hazırlanması barədə razılığa gəldilər. “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı yeni regional layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin inşası üçün ABŞ şirkətləri ilə əməkdaşlıq memorandumu imzalandı. Bu layihə təkcə regional nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsi üçün deyil, həm də Azərbaycanın tranzit imkanlarının artırılması və Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün mühüm addımdır. 30 illər boyunca müharibə olan bir bölgəyə sülhün gəlməsinin nə demək olduğunu onu ancaq gözləyənlər bilər.

Bu görüş və imzalanan Birgə Bəyannamə regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi oldu. Azərbaycan – Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir. Beynəlxalq hüquqda sülh prosesi yalnız hüquqi sənədlərlə deyil, həm də siyasi iradə ilə təmin edilir. İlham Əliyevin liderliyi bu mənada “proaktiv diplomatiya” nümunəsi oldu.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı