22 Dekabr 2024

Deputat: “Qarabağın dirçəlişində Səudiyyə Ərəbistanı şirkətlərinin də iştirakı əhəmiyyətli hesab edilir”

Azərbaycan-Səudiyyə Ərəbistanı Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Fatma Yıldırım Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dr.Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə iki dost ölkə arasındakı münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı xüsusi olaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı zəfər, torpaqlarımızın işğaldan azad olunaraq, ərazi bütövlüyümüzün bərpa olunması ətrafında söhbət aparılıb.

Səfir Rusiyada Azərbaycan və Ermənistan tərəfi ilə bağlanmış razılaşmaya görə işğal olunmuş torpaqların tərəflər arasında müəyyən edilmiş tarixlərlə Azərbaycana təhvil verilməsindən sonra Səudiyyə Ərəbistanı ictimaiyyətinin bu haqlı davasında Azərbaycan xalqının qələbə sevincinə şərik olduqlarını bildirib.

Öz növbəsində, Fatma Yıldırım ermənilərin 30 ilə yaxın işğal altında saxladığı dədə-baba torpaqlarımızda törətdiyi vandalizm aktları, o cümlədən 403 tarixi-dini abidənin, 67 məscidin vəhşicəsinə dağıdılmasından danışıb. Deputat xüsusilə dost müsəlman ölkələri tərəfindən dini abidələrimizə qarşı törədilən vəhşiliklərin beynəlxalq arenada pislənilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri barədə də danışılıb. Deputat Azərbaycanın quruculuq bərpa işlərində dost ölkələrin investorları ilə əməkdaşlıq edəcəyini bəyan edib. Artıq bu istiqamətdə müəyyən addımların atıldığı və Qarabağın dirçəlişində Səudiyyə Ərəbistanı şirkətlərinin də iştirakının çox əhəmiyyətli hesab edildiyi bildirilib.

F. Yıldırım artıq bu istiqamətdə müəyyən addımların atıldığını və Qarabağın dirçəlişində Səudiyyə Ərəbistanı şirkətlərinin də iştirakının ölkəmiz üçün çox əhəmiyyətli hesab edildiyini vurğulayıb.

Bundan başqa, səfir tələbə mübadiləsinin həyata keçirilməsi üçün müvafiq proqramın hazırlandığını diqqətə çatdırıb.