Deputat bankomatlarla bağlı problemdən danışdı

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı əhalinin bankomat problemindən bəhs etdi. “Əhalinin əsas narahatlıqlarından biri bir çox kəndlərdəki bankomatlara pul qoyulmamasıdır”,- deyə, deputat şikayətləndi. S.Rüstəmxanlı bildirdi ki, əhali pensiyanı bankomatlardan götürə bilmir: “Bu bankomatlar qoyulubsa, onlara pul qoyulsun. Digər tərəfdən 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməyə məcbur olurlar. Dövlət onsuz da əhaliyə bu pulu ayırır, onun çatdırılmasına məsul olan şəxslər də üzərinə düşəni görsün. Bu məsələ camaatı narazı salır”.
Sədr Sahibə Qafarova deputatdan bu barədə dəqiq məlumatın katibliyə verilməsini xahiş etdi. S.Rüstəmxanlı konkret olaraq Neftçala sakinlərinin bu çətinliklə üzləşdiyini bildirdi.
E.Paşasoy,
Musavat.com