Deputat: “Azərbaycana təzyiqin klassik forması “işə düşür”, “V kolon” fəallaşdırılır”
Son günlər regionda baş verən geosiyasi proseslər, aprelin 5-də Brüsseldə Azərbaycanın əleyhinə təşkil olunan üçtərəfli görüş, şərti dövlət sərhəddində Ermənistan qoşunlarının cəmləşdirilməsi və mövqelərimizin davamlı atəşə tutulması, orta dəhliz ətrafında gedən mübarizə fonunda ölkə daxilindəki marginal qrupların və 5-ci kalonun fəallaşması hiss olunmaqdadır.
Görünür, Azərbaycan dövlətinə qarşı hazırlanan məkrli planın müəllifləri bura “daxili elementi” də əlavə etməklə onun təsirini daha da artırmaq istəyirlər. Bunun üçün təcrübədə özünü “doğruldan” klassik üsuldan istifadə edilməsi, yəni, Bakının mərkəzində razılaşdırılmamış mitinq keçirilməsi haqqında təlimat da verilib.
Bu vəzifənin icrası isə hər zaman olduğu kimi Əli Kərimliyə həvalə olunub və o da can-başla bunun üçün bütün “potensial”ını səfərbər edib, artıq, yaxın günlərdə mitinq keçirəcəyinin anonsunu da verib.
Heç şübhəsis ki, burada əsas məqsədlərdən biri Bakının mərkəzində qarşıdurma və ajiotaj yaratmaq, “insan hüquqlarının və sərbəst toplaşmaq azadlığının pozulması” görüntüsünü xarici və beynəlxalq mediayaya servis etməkdən ibarətdir.
Niyə, məhz indi, sualının cavabı isə aydındır:
Birincisi, Ermənistanla sülh danışıqlarının həlledici mərhələsində Azərbaycanın mövqeyini zəiflətmək üçün xarici təzyiqlə paralel olaraq daxildən yeni bir “cəbhə” açmaq və Vətən müharibəsindən bəri qürur və fədakarlıqla qoruyub saxladığımız milli birliyimizi və ictima-siyasi sabitliyi zədələmək.
İkincisi, Ermənistan haqqında süni şəkildə yaradılan “demokratik ölkə” imici fonunda Azərbaycanı “qeyri-demokratik və insan hüquqlarının pozulduğu ölkə” kimi dünyaya təqdim etmək.
Üçüncüsü, “Azərbaycanın Ermənistana qarşı təcavüz edəcəyi” haqqında başladılan çirkin kampaniyanın “inandırıcılıq əmsalını” “daxili problemlə” və “neqativ narrativ”lə daha da “zənginləşdirmək”, ermənilərin təbliğat maşınına “benzin tökmək” .
Anlaşılan odur ki, Prezident İlham Əliyev tərəfindən iki yüz illik erməni separatizminə son qoyulması, torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi faktını təkcə Fransa, Avropa Parlamenti, AŞPA, İran və ya Rusiya deyil, Əli Kərimli kimiləri hələ də həzm edə bilmirlər.
Bəlkə də, bunların hamısını başa düşmək olar, çünki cənab İlham Əliyevin əldə etdiyi tarixi qələbə bu dairələrin bütün planlarını puç etdi və Azərbaycana təsir imkanlarını sıfıra endirdi, Əli Kərimli kimi “siyasətçiləri” də siyasət səhnəsindən birdəfəlik silib atdı.
Ona görə də qoy, onlar dövlətimizə qarşı məkrli planlar hazırlayıb boşuna özlərini yormasınlar, artıq, Azərbaycan vətəndaşı siyasi baxışından asılı olamayaraq ölkəmizin ətrafında baş verən hadisələrin və millətimizə qarşı qurulan çirkin oyunların fərqindədi və bu oyunların dövlətimizə zərər verməsinə heç vaxt müsaidə etməyəcək.
Azay Quliyev, millət vəkili