22 Dekabr 2024

Dayanıqlı inkişaf yolu

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamında da qeyd edildiyi kimi, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı məlumdur. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyətləri idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqlarımızın işğalı da davamlı hal almışdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdən idi.  Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdı. Azərbaycan haqqında məlumatsızlıq, informasiya blokadasında olması erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Ulu Öndər Heydər Əliyev idi. Dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas oldu, torpaqlarımızın işğalının qarşısı alındı, müstəqilliyimizin daimiliyi, əbədiliyi təmin edildi.

Ümummilli Lider bu çağırışı diqqətə çatdırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Uğurlu daxili siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes mühitinin formalaşdırılmasını təmin etdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizə inam artdı, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı, insanlar Ümummilli Liderin ətrafında daha sıx birləşərək Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərdilər. 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu mühüm addım Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi ki, bu amilin tarixi Zəfərimizdə rolu böyükdür. Bu gün qalib Azərbaycan Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin  rəhbərliyi ilə möhkəm təməl üzərində inamla addımlayır, ən yüksək zirvələri fəth edir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri