25 Aprel 2024

Daha bir rus generalın milyardlıq əmlakı üzə çıxdı

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin İkinci İdarəsinə rəhbərlik edən general Aleksey Sedovun ailəsinin milyard rubl dəyərində əmlaka sahib olduğu ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bununla bağlı “Navalny Live” kanalında məlumat yayılıb.

Qeyd edək ki, Rusiya FTX-nin ikinci xidmətinin əməkdaşları yerli müxalifətə qarşı mübarizədə ixtisaslaşıblar: onlar etiraz edən insanların hər bir hərəkətinə nəzarət edir, onları təqib edir və döyür, həmçinin “arzuolunmaz təşkilatlar” və “xarici agentlər”in siyahılarını tərtib edirlər. Bu idarənin rəhbəri Aleksey Sedovdur.

Material müəlliflərinin bildirdiyinə əsasən, Sedov Moskvanın “Serebryanıy Bor” bölgəsində 483 kvadratmetrlik evə sahibdir və həmin ev həyətyanı sahəsi ilə birlikdə 900 milyon rubl dəyərindədir.

Əvvəllər bu ev iş adamı Vladimir Yevtuşenkovun “Mosdachtrest” şirkətinə məxsus olub. İndi “Rosreyestr”də onun sahibi kimi Rusiya Federasiyası göstərilir. 

FTX generalı və onun ailə üzvlərinin 35, 30, 25 və 70 milyon rubl dəyərində mənzillərinin və “elitar avtoparkı” olduğu qeyd edilir. Sedovun qızının bahalı daşınmaz əmlaka malik olması araşdırmaçılar tərəfindən “yemək sifarişləri sayəsində” aşkar edilib.

Videonun müəlliflərinin başqa bir iddiasına görə, FTX generalının qızının uşağının atası Siciliyada daşınmaz əmlakı olan bir italyandır.