Daha 3 ölkədə koronavirusun mutasiyaya uğramış variantı aşkarlandı
Meksika, Yaponiya və Rusiyada da koronavirusun mutasiyaya uğramış variantı aşkar edilib.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Meksikanın şimal-şərqindəki Tamaulipas əyalətində İngiltərədə ortaya çıxan COVİD-19-un daha sürətlə yayılan, mutasiyaya uğramış növü tapılıb. Bu barədə Tamaulipas səhiyyə orqanının rəhbəri Qloria Molina Kamboa məlumat verib. O, qeyd edib ki, koronavirusun mutasiyaya uğramış variantı 29 dekabr 2020-ci il tarixində xaricdən gələn bir sərnişində aşkar edilib. Həmin sərnişinin 56 yaşlı bir kişi olduğu və artıq səhiyyə orqanlarının nəzarəti altına alındığı bildirilib.
İngiltərədə ortaya çıxan koronavirusun mutasiyaya uğramış yeni növünə Rusiyada da rast gəlinib. Rusiyalı hüquq müdafiəçisi Anna Popova “Rossiya 1” kanalına açıqlama verərək bildirib ki, mutasiyaya uğramış virus İngiltərədən ölkəyə dönən vətəndaşda tapılıb.
Yaponiyanın paytaxtı Tokioda isə 4 nəfərdə mutasiyaya uğramış virus aşkar edilib. Məlumata görə, həmin şəxslər paytaxtın Haneda hava limanındaca karantinə alınıblar. Sərnişinlər Braziliyadan geri dönən vətəndaşlar olub. Karantinə alınan sərnişinlər arasında 40 yaşlı kişi nəfəs almaqda çətinlik çəkdiyi, 30 yaşlı qadının boğaz və baş ağrıları olduğu, bir gəncin isə yüksək temperaturu olduğu bildirilib.
Qeyd edək ki, yanvarın 9-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin direktoru Hans Kluqe mətbuat brifinqində Avropanın 22 ölkəsində yeni növ koronavirusun mutasiyaya uğramış variantının aşkar olunduğunu açıqlamışdı.
Xatırladaq ki, yeni növ koronavirusun mutasiyaya uğramış variantı ilk dəfə Böyük Britaniyada aşkarlanıb.