“Dağlıq Qarabağda erməni hərbi birləşmələri ola bilərmi?” – Üçtərəfli anlaşmaya Londondan baxış
omas De Vaal: “Ermənistan və Azərbaycan üçtərəfli anlaşmanı fərqli yozur”
Britaniyalı jurnalist və yazar Tomas de Vaal Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi kimi çalışır. Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssisdir. 2003-cü ildə çapdan çıxmış “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabın müəllifidir. Həmin əsər 2006-cı ildə rus dilində də işıq üzü görüb.
Qərb mətbuatı Azərbaycan və Ermənistanla əlaqəli bu və ya digər məsələ ilə bağlı mütəxəssis kimi ona müraciət edir. Qərbin siyasi dairələri də onun rəyinə xüsusi önəm verir. Bugünlərdə o, “carnegieeurope.eu” saytında “Unfinished Business in the Armenia-Azerbaijan Conflict” (Ermənistan-Azərbaycan münaqişəsində yarımçıq qalmış məsələ) adlı geniş bir məqalə ilə çıxış edib. Bu məqalədə o, münaqişənin müxtəlif aspektlərini nəzərdən keçirib, proseslərin təhlilinə xüsusi diqqət ayırıb. Həmin yazıda diqqətimizi çəkən bir neçə məqama toxunacağıq.
Müəllif yazır ki, üçtərəfli anlaşma ilə Qafqazda geo-siyasi konfiqurasiya kökündən dəyişdi. Rusiya təxminən 30 il əvvəl tərk etdiyi əraziyə sülhməramlı adı altında yenidən daxil oldu. Ancaq orası da var ki, Rusiya sülhməramlılarının rəsmi statusu yoxdur.
Tomas De Vaal öz məqaləsində dekabrda əsir götürülmüş 62 nəfər erməni silahlıları məsələsinə də toxunur. Bu məsələ ilə bağlı hər iki tərəfin mövqeyini verir: Ermənistan deyir ki, hadisə Hadrut yaxınlığındakı iki kənddə baş verib. (Münaqişə zamanı 6 erməni və 2 azərbaycanlı öldürülüb) Azərbaycanın əsir götürdüyü hərbçilər isə Rusiyanın nəzarətində olmalı olan kəndlərin təhlükəsizliyini qoruyurmuş. Azərbaycan tərəfi isə bəyan edir ki, noyabrın 10-dan etibarən atəşkəs anlaşması qüvvəyə minib. Həbs olunan 62 silahlı isə həmin anlaşmanı sabotaj ediblər və ona görə də istintaqa cəlb olunublar.
Öz tərəfimizdən isə onu qeyd edək ki, sözügedən 62 nəfəri Azərbaycan terrorçu hesab edir və beynəlxalq təzyiqlərə baxmayaraq onları “hamını hamıya” prinsipi ilə dəyişmək fikrində deyil. Artıq istintaqa məlumdur ki, həmin əlisilahlılar 26 noyabr 2020-ci il tarixində Ermənistandan Azərbaycan ərazilərinə göndərilib.
Britaniyalı araşdırıcı yazır: “Müqavilədə Dağlıq Qarabağdakı erməni silahlı personalının statusu ilə bağlı qeyri-müəyyənlik var. Anlaşmanının birinci bəndinə görə, münaqişə tərəfləri “hazırkı mövqelərində dayanmalıdırlar”. Müqavilənin dördüncü bəndində isə deyilir ki, “Rusiya Federasiyasının sülhməramlı qüvvələri Ermənistan qoşunlarının geri çəkilməsi ilə eyni vaxtda həmin əraziyə yerləşdiriləcək”. İki tərəf bu məqamlara fərqli təfsir verir. Ermənilər birinci bəndin erməni qüvvələrinin Qarabağda saxlamağa imkan verdiyini və silahlı qüvvələri Qarabağ ətrafındakı yeddi Azərbaycan bölgəsindən çıxararaq dördüncü bəndə əməl etdiklərini söyləyirlər. Azərbaycan tərəfi isə deyir ki, erməni qüvvələri Rusiya sülhməramlıları əraziyə daxil olan kimi Dağlıq Qarabağdan da çəkilməli idi”.
Müəllif vurğulayır ki, hələ də erməni hərbi birləşmələri Dağlıq Qarabağda öz mövcudluğunu qoruyub saxlamaqdadır. Hazırda Dağlıq Qarabağda ən nüfuzlu şəxs yerli təhlükəsizliyə rəhbərlik edən Vitali Balasanyandır. O, birinci Qarabağ Müharibəsində səhra komandiri olub. Qarabağ və Ermənistanın prezidenti olmuş Robert Köçəryanla yaxındır. Robert Köçəryanın isə Putinlə şəxsi əlaqələri var. Bu faktor onu və bütövlükdə Qarabağın erməni elitasını Moskvaya meylləndirir. Müvafiq olaraq isə Paşinyan administrasiyasından uzaqlaşdırır.
Kiçik bir haşiyə çıxaraq deyək ki, “dqr” adlanan qanunsuz qurumun rəhbəri Araiyik Harutiuyan 44 günlük müharibədən sonra bəyan etdi ki, o, tezliklə siyasətdən gedəcək. Belə bir fonda o, Dağlıq Qarabağdakı güc strukturlarına Vitali Balasanyanın rəhbərlik edəcəyini açıqladı.
Xatırladaq ki, Vitali Balasanyan iki dəfə Qarabğda prezident seçkisində iştirak edib. 2016-2019-cu illərdə qondarma Dağlıq Qarabağın Təhlükəsizlik Şurasında rəhbərlikdə olub. 2019-cü ildə isə Paşinyan administrasiyasına etiraz olaraq istefa verib.
Tomas De Vaal vurğulayır ki, rəsmi Bakı Köçəryan, Sərkisyan və Balasanyanı hərbi cinayətkar hesab edir. Onlara qarşı cinayət işi açıb: “Onlar 1992-ci ildə törədilmiş Xocalı qırğını kimi hərbi cinayətlərdə ittiham olunurlar”. (Tomas De Vaalin Xocalı hadisələrini “qırğın” adlandırması xüsusi ilə önəmlidir. E.H.)
Tomas de Vaal
Müəllif yazır ki, Dağlıq Qarabağda və Ermənistanda Azərbaycana qarşı qisasçı çağırışlar səslənir. Ancaq belələri azlıqdadırlar. Qısasçılar arasında əslən Əskəran rayonundan olan general-leytenant Vitali Balasanyan xüsusi ilə seçilir. O, dəfələrlə Dağlıq Qarabağın hərbi birləşmələrə malik olmasının zəruri olduğunu bildirib.
Vitali Balasanyan
Məqalənin əvvəlində Rusiyalı sülhməramlılar məsələsinə toxunan Tomas De Vaal daha sonra qeyd edir ki, Rusiya ilə Azərbaycan arasında sülhməramlıların mandatı ilə bağlı həftələrlə çəkən danışıqlar gedib. Ancaq bu məsələdə hər hansı razılaşma əldə olunmayıb.
Maraqlıdır ki, Rusiya sülhməramlılarının öz mandatından xeyli kənara çıxması Britaniyalı mütəxəssisin də diqqətini çəkib. O yazır ki, Rusiya televiziyaları göstərir ki, sülhməramlılar Qarabağa geri dönən erməniləri (Rusiya deyir ki, geri dönənlərin sayı 50 min nəfərdən çoxdur) müşayiət edir, ərazini minalardan təmizləyir, əhaliyə tibbi xidmət göstərir: “Müsahibə verən yerli ermənilər rusiyalı əsgər və siyasətçilərə və Putinə təşəkkür edirlər. Deyirlər ki, Rusiya olmasaydı Azərbaycan onları (yerli erməniləri) məhv edəcəkdi”.
Rusiyaya öz sülhməramlı missiyasına bəraət qazandırmaq üçün Dağlıq Qarabağda işlək vəziyyətdə olan idarəçilik və çoxsaylı mülki əhali lazımdır. Bundan başqa, Rusiya sülhməramlılarından Ermənistan, Qarabağdakı erməni icması və Azərbaycan razı qalmalıdır. Azərbaycan əmin olmalıdır ki, Dağlıq Qarabağda separatçı meyllər zəifləyir. Əks təqdirdə, 5 il sonra-2025-ci ildə Rusiya sülhməramlılarının mandatının uzadılmasına səs verməyə də bilər.
Rəsmi Moskvanın yerli ermənilərə Rusiya pasportu verməsi məsələsi də nəzərdən keçirilir. Rusiya keçmiş post-Sovet məkanında, o cümlədən Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədə bu üsuldan istifadə edib.
İngilisçə olan məqalədə “Nə oldu, Paşinyan?” ifadəsi orijinalda verilib. Qeyd olunur ki, bu ifadə sosial medianın Azərbaycan və Türkiyə siqmentində geniş rezonans doğurub. Tomas De Vaal yazır ki, əvvəl Paşinyan haqqında kəskin ifadələr işlədən İlham Əliyev bir müddət sonra öz ittihamların əvvəlki Ermənistan rəhbərliyinə tərəf yönəldib. Azərbaycan prezidenti fərqindədir ki, noyabr anlaşmasının altında məhz Nikol Paşinyanın imzası var və o, həmin anlaşmanın həyata keçməsində açar fiqur olaraq qalır.
Məqalədə Paşinyanla bağlı diqqət çəkən belə bir məqam da var. Deyilir ki, Paşinyan Qarabağ məsələsində millətçi çıxışlara üstünlük verdi və ATƏT-in münaqişənin həlli ilə bağlı müəyyən etdiyi əsas prinsiplərindən imtina etdi. Bununla da müharibənin başlamasına şərait yaratdı. Çox güman ki, o, Ermənistanla bağlı iddialı daxili gündəliyinə diqqətini cəmləşdirmək üçün Qarabağ məsələsi ilə əlaqəli işi təxirə salmaq istədi. Nəticə isə onun üçün çox pis oldu.
Müəllif yerli analitik Aleksandr İskəndəryandan misal çəkir: “Sovet Ermənistanından üzü bəri Paşinyan ilk ölkə rəhbəri idi ki, onun üçün Qarabağ əsas məsələ deyildi: “Onun üçün Qarabağ sadəcə problem idi. Ancaq ondan əvvəlkilərin siyasi gündəmində isə Qarabağ həlledici məsələ sayılırdı”.
Müəllif qeyd edir ki, Dağlıq Qarabağın statusu qeyri-müəyyəndir. İlham Əliyev zəfər çıxışında bu statusun gorbagor olduğunu bildirib və deyib ki, nə qədər mən prezidentəm heç bir status olmayacaq. Status məsələsi ilə bağlı ATƏT-ın Minsk qrupunun nüfuzu kəskin şəkildə aşağı düşüb. Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul etdikdən sonra Fransaya Azərbaycanda heç bir inam qalmayıb.
Məqalənin sonunda deyilir ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsində heç vaxt ciddi rol oynamayıb. Müharibə zamanı Azərbaycana ciddi dəstək verən Türkiyə isə danışıqlarda önə çıxmağa can atır. Rusiya Türkiyə ilə anlaşmağa üstünlük verir. Nəticədə Qərb Qafqazdan kənarda saxlanılır. Bu, həm Türkiyənin, həm də Rusiyanın maraqlarına uyğundur.
ABŞ-da yeni iqtidara gələn Co Bayden administrasiyası isə bu məsələyə yaxından müdaxilə edə bilər.
Yazının orijinalını BURADAN oxuya bilərsiniz