29 Mart 2024

COVİD-dən 8 ölüm – virus səbəbindən ağırlaşanların sayı çoxalır…

Kliniki Tibbi Mərkəzin baş infeksionisti: “Yanlış müalicə ölümlə nəticələnir”

Azərbaycanda koronavirusa yoluxma sayı günü-gündən artır. Düzdür, ötən gün açıqlanan rəsmi statistikaya görə  COVID-19 infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. Yoluxma sayının az olmasının səbəbi şənbə -bazar günləri test saylarının az olması ilə bağlıdır. Çünki bundan bir gün əvvəl 585 yeni yoluxma, 489 nəfər isə müalicə olunaraq sağaldığı açıqlanmışdı. Narahatlıq doğuran məqam isə ölüm sayının artmasıdır, 8 nəfər. Son həftələrdə açıqlanan ən yüksək  ölüm statistikasıdır. Payızda virusun artacağı halda qapanmaların olacağı haqda söhbətlər var. Hətta məktəblərin onlayn sistemdə davam edəcəyi istisna edilmir? Bəs görəsən, qapanmalara ehtiyac varmı, bunun nə kimi fəsadları ola bilər? 

Bu arada, Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb. Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib. O, qeyd edib ki, COVID-19-un yeni “Delta-omikron” ştamının yaranması nəzərə alınaraq yeni antigen tərkibli peyvənd hazırlanıb.

Hazırda “Səhiyyə Nazirliyindən “Sputnik V”nin bir antigen tərkibini digəri ilə əvəz etməyə imkan verəcək reqlamentin tətbiqini gözləyirik”, – o deyib.

“Mövcud “Sputnik” peyvəndi əvvəlki ştamlarla müqayisədə yeni “Omikron”a qarşı daha pis mübarizə aparır”, – direktor bununla bağlı suala cavabında vurğulayıb.

“Delta-omikron”un yeni ştamının ortaya çıxması hələ də rekombinasiyaya əsaslanan dəyişkənlik yollarının olduğunu göstərir. Əgər iki fərqli virus eyni vaxtda hüceyrəyə daxil olsa, onlar özlərinin bir hissəsini bir-biri ilə mübadilə edə bilərlər”, – Gintsburq əlavə edib.

Meymun çiçəyinin getdikcə yayılması da təşvişə səbəb olub. Belə ki, Kuba həkimləri meymun çiçəyinə ilk yoluxma halı qeydə alıblar. Yoluxmuş şəxs avqustun 15-də İtaliyadan ölkəyə gələn turistdir. İki gün sonra onda infeksiya əlamətləri yaranıb və bu, testlərlə təsdiqlənib. Xəstənin vəziyyəti ağırdır.

Fərrux Sədirov: ÜST koronavirusun AY.4.2 növünü tədqiqat altında olan  variant olaraq qiymətləndirir - AZƏRTAC

Fərrux Sədirov

Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövzu ilə bağlı “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablayıb: “Yoluxma dinamikasında artım hiss olunur, bunu müraciətlərdən də hiss edə bilirik. Alınan  test nümunələrində pozitiv çıxan xəstələrin sayı 2-3 ay əvvəlki ilə müqayisədə artıb. Amma həqiqətən də xəstələrin böyük əksəriyyəti xəstəliyi yüngül formalarda keçirirlər. Təbii ki, COVİD-in ağır gedişatını da görürük. Bunlar peyvənd olunmayan və yaşlı, yanaşı xəstəlikləri olan, immun çatışmazlığı olan xəstələrdir. Bu faktorları özlərində daşımayan xəstələr isə virusu çox yüngül formada keçirirlər. Vaksinin də əhəmiyyəti bir daha ortaya çıxır. Həqiqətən də vaksin olunanlar arasında xəstəliyi ağır keçirmək riski çox aşağıdır”.

Baş infeksionist, ““Omikron”un yeni alt variantlarına qarşı hansı müalicə üsulu tətbiq edilməlidir” sualına belə cavab verib: “Ən effektiv müalicə elə ilk olaraq qorunmadır. Hər zaman bunu demişik. Vaksinasiya effektiv bir yoldur. Üçüncü, yəni xatırladıcı doza həyati əhəmiyyət kəsb edir. Çünki xatırladıcı doza ilə biz immun sistemimizi dayanıqlı vəziyyətə gətiririk. Əfsuslar olsun ki, COVİD -19-a qarşı hələ də dünyada qəbul olunan müalicə sistemi yoxdur. Müalicələr  əsasən simptomlara yönəlik və dəstək müalicəsindən ibarətdir. Bir neçə virus əleyhinə preparatın istifadəsinə təcili icazə alınıb. Bir çox Avropa ölkələrində ağır gedişli xəstələrdə tətbiq olunub. Amma bu preparatlar xəstəliyin ilk günlərində effektivdir. Risk faktoru daşıyan xəstələr, ağırlaşma ehtimalı yüksək olan xəstələrdə simptomların başlanğıcından 3-5 gün ərzində verilməlidir. Əks halda bunların xəstələrə effekti olmur. Mütləq şəkildə həkim məsləhəti ilə lazım olarsa, şiddətli xəstələrdə terapevtik dərman vasitələrinə əl atmaq olar. Əks halda özbaşına – qonşudan, tanışdan alınan bilgilərlə ciddi fəsadlara gətirib çıxara bilər. Çünki dərmanların yan təsirləri var, qara ciyər, böyrək çatışmazlığı, hətta ölümə səbəb ola bilər.  Onsuz da ağır xəstələr xəstəxanalarda həkim nəzarəti altında müalicə alır. Amma evdə xəstəliyi keçirənlər bu məqamlara diqqət etməlidir”.

Həkim “virusa qarşı dediyiniz dərmanlar ölkəmizə gətirilməyib, həm də olduqca baha olduğu deyilir. O zaman hansı müalicə növü tətbiq edilməlidir” sualına cavab verib: “Təəssüflər olsun ki, Azərbaycanda bu dərmanlar yoxdur. Dünyada təsdiq edilib. Müalicə təbii ki, həkim nəzarəti əsasında olmalıdır. Məsələn, öskürəyin xarakterinə görə olmalıdır. Öskürək xarakterinə görə olmalıdır. Qızdırma müşahidə edilirmi? Ağ ciyərdə dəyişiklik varmı? Pnevmoniya əlamətləri varmı? Quru öskürəkdirmi? Burada bir çox amillər var ki, bu amillər nəzərə alınaraq fərdi şəkildə dərman preparatı təyin olunur. Bir xəstəyə yazılan dərmanın ikinci xəstəyə də yazılması qəti qadağandır. Xəstə fərdi şəkildə dəyərləndirilir. Təyinatlar mütləq şəkildə həkim tərəfindən verilməlidir”.

Sədirov payızda yoluxma sayı olarsa, məktəblərin bağlanma ehtimalının olub-olmamasına münasibət bildirib: “Bu qərarı Operativ Qərargah verir. Nəzərə alsaq ki, 2-3 aydır ki, yoluxma dinamikasında bir artım hiss olunur. Əvvəlki dalğalarda rəqəmlər 2 həftəyə iki dəfədən çox yüksəlirdi. Yüzlərdə olan yoluxma iki minlərə çıxırdı. Çünki onda vaksinasiya olunmamışdıq. Amma indi vaksinasiya prosesi davam etdirilir. Vətəndaşların böyük hissəsi xəstəliyi keçirib, təbii yolla da immunitet əldə ediblər. Rəqəmlər stabil yüksəklikdə davam edir, eyni aralıqda davam edir, sıçrayış tərzində artım müşahidə olunmur. Yoluxma sayı nəzarət edə bilməyəcək rəqəmlərə çıxarsa, o zaman bu məsələ müzakirəyə çıxarıla bilər. Hələlik məktəblərin açılmaması üçün ciddi bir səbəb yoxdur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”