28 Mart 2024

COVİD-19 insandan-insana qanla keçirmi? -AÇIQLAMA

Mərkəzi Qan Bankı bu gün vətəndaşlara müraciət edib. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz, eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb.

Bəs görəsən, koronavirusu simptomsuz keçirən şəxs qan verərsə, başqalarını yoluxdura bilərmi?

Məsələ ilə bağlı Musavat.com-a danışan Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib ki, koronavirus bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də müəyyən çətinliklər yaradıb:

“Ölkəmizdə COVİD -19 xəstəliyi ciddi şəkildə yayılıb. Bununla bağlı olaraq ağır kritik xəstələrin sayı artıb. COVİD-19 xəstəliyi ilə bağlı olaraq qan tələbatı da artıb. Bilirsiniz ki, qan daimi ehtiyatdır. Qanın istifadə müddəti 42 gündür, bu müddət ərzində istifadə olunmalıdır. Ona görə də bizim hər zaman könüllü donorlara ehtiyacımız vardır. Könüllü donorlar kimlər ola bilər? Sizin vasitənizlə də vətəndaşlara müraciət edirik. 18-65 yaş arasında olan, ən azı 50 kiloqram çəkisi olan vətəndaşlarımız müraciət edərək könüllü donor ola bilərlər. Onu da vurğulayım ki, bir donor ən azı üç xəstəni xilas edə bilər. Bir qandan üç fərqli qan komponenti hazırlanır, üç insana köçürülür. Ölkəmizdə qan xəstəliyindən əziyyət çəkən hemofiliyalı, talassemiyalı, leykoz xəstələri də vardır. Onların da daima qana ehtiyacları vardır. Bu gün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarda sual yarana bilər ki, evdən çıxdıqda gecikmə olarsa nə edəcəklər? Mərkəzi Qan Bankı olaraq vətəndaşlara arayış veriləcək, onlar gecikmə olarsa arayışı təqdim edə bilərlər”.

O ki qaldı, donorların koronavirus infeksiyası ilə yoluxdurma şübhəsinə, Q.Ələkbərova bildirib ki, COVİD-19 xəstəliyi qanla yoluxmur: “Bu respirator infeksiyadır, tənəffüs yolu ilə keçir. Son üç gündə də Mərkəzi Qan Bankına müraciət edən hər kəsin hərarəti yoxlanılıb, anamnez götürülüb, həkimlərin yoxlamalarından keçəndən sonra o donorlardan qan alınıb. Ona görə də hər hansı narahatçılığa əsas yoxdur. Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir”.

Afaq MİRAYİQ,
Musavat.com