05 Fevral 2025

COVİD 19-dan sağalanlar bu qidalardan imtina etməlidirlər – bayram xəbərdarlığı

“Şəkərbura, paxlava, qoğal kimi şirniyyatlar yaxşı olar ki, günün birinci yarısında yeyilsin…”

Artıq neçə gündür ki, Novruz bayramını evdə, yaxınlarımızın yanında qeyd edirik. Bu günlər Novruz adətinə uyğun olaraq şəkərbura, paxlava, badambura, qoğallar bişirilir. Novruz süfrələrimizdə digər müxtəlif şirniyyatlar, çərəzlər, meyvələr bol-bol qoyulur. Çox vaxt da bu təamlar bayramdan sonrakı bir neçə gündə istehlak olunur.

Əksər hallarda isə bayram günlərindən sonra insanlar səhhətlərində müxtəlif problemlərin yarandığını deyir, şikayətlərlə həkimlərə üz tuturlar. Bu il pandemiyanı, koronavirusdan sağalan insanların bir çoxunda mədə-bağırsaq problemlərinin yarandığını nəzərə alsaq, suallar ortaya çıxır: bayram günlərində necə qidalanmalı, virusdan sağalanlar paxlava, şəkərbura kimi qidalardan imtina etməlidirmi?

maxresdefault.jpg (114 KB)

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam Qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, orqanizm qidalanma üçün bayram, yaxud karantin rejimi deyə, bir fərq tanımır: “Standart çalışma mexanizminə malik olduğu üçün Novruz bayramında da qida qəbuluna xüsusilə diqqət etməliyik. Novruz süfrəmiz xüsusilə şirniyyatlarla zəngindir. Təbii ki, bundan imtina da etmək olmaz. Müəyyən miqdarda, doğru zamanlarda yeməklə biz orqanizmimizi təhlükəyə atmamış olarıq. Adətən bayram günlərində yeməkləri eyni anda hazırlayır, yağlı, yüksək kalorili qidalar qəbul olunur, bundan dərhal sonra da şirniyyatlarla çaylar qəbul olunur ki, bu da ən böyük yanlışlardan biridir. Mütləq yemək yediyimiz zaman miqdara önəm verməliyik, hər bir qida arasında 2-3 saat fasilə etməliyik ki, mədə birdən-birə yüklənməsin. Yəni qida balanslaşdırılmış şəkildə qəbul edilməlidir. Şəkərbura, paxlava, qoğal kimi Novruz şirniyyatlarını yaxşı olar ki, günün birinci yarısında istifadə edək. Çünki onun enerjiyə çevrilməsi daha yaxşı olacaq, nəinki axşam vaxtlarında. Axşam qəbul etdikdən sonra daha çox otururuq, o enerjiyə çevrilmədiyindən, artıq çəkiyə səbəb olur”.

Mütəxəssis COVİD 19-dan sağalanlara da bir sıra məsləhətlər verdi: “Koronavirusdan sağalanlarda əksər hallarda mədə-bağırsaq problemləri olur. Bu, yaşlılarda, xroniki xəstəlikləri olanlarda daha çox özünü göstərir. İmmun sistemi aşağı düşdüyündən və maddələr mübadiləsi pozulduğundan həzm prosesi demək olar ki, ləngiyir. Ona görə yaxşı olar ki, belə insanlar yüngül, tez həzm olan yeməklərlə qidalansınlar. Bir çeşidli yeməklər yesinlər, eyni anda həm yağda qızarmış qida, həm çiy meyvəni, tərəvəzi birlikdə qəbul etmək olmaz. Xüsusilə də maye qəbulu zamanı fikir vermək lazımdır ki, qida ilə bərabər maye qəbul olunmasın. Ələlxüsus rəngli qazlı içkilər, sənaye üsulu ilə hazırlanmış meyvə şirələrindən uzaq dursunlar. Çünki bu həzm prosesini ləngidir. Eyni zamanda, mədə-bağırsaq problemlərinə səbəb olur.
Daha sonra, gün ərzində qidaları müxtəlif paylara bölmək lazımdır. Birdən-birə çox qida qəbul etmək məsləhət deyil.

5e9e0e0dd3806c25c400d238.jpg (45 KB)

COVİD 19-dan sağalanlar fiziki aktivliyi də unutmamalıdırlar . Fiziki aktivlik zamanı qan dövranı yaxşılaşır, ürək-damar sisteminin fəaliyyəti bərpa olunmağa başlayır. Eyni zamanda, pəhriz saxlamaq məsləhətdir. Yağlı, duzlu, istiotlu, turşuya qoyulmuş qidalardan istifadə etməməlidirlər. Eləcə də, qidaların temperaturuna diqqət etmək lazımdır. Həddən artıq isti, soyuq qidalar ya da içkiləri qəbul etməsinlər. Təzə çörək, un məmulatı da mədə-bağırsağa çox zərərlidir”.


Müsahibimiz bəzi qidalarla bağlı da xəbərdarlıq etdi: “Bayram ərəfəsində olduğumuz üçün salatlarla bağlı fikrimi də deyim. Mayonez, müxtəlif souslarla hazırlanan salatlar mədə-bağırsaq problemi olan insanlara, COVİD 19 -dan sağalan insanalara məsləhət görülmür. Bu tip salatlardan imtina etmək lazımdır. COVİD 19-dan sağalanlar, immun sistemi aşağı olan insanlar su buxarında, suda bişmiş, qızardılmamış yeməklər istifadə etsinlər. Sitrus meyvələr də mədə-bağırsaqda problemi olanlara məsləhət görülmür. Ümumiyyətlə, hazırlanan xörəklərdə keyfiyyətli yağlardan istifadə etsinlər. Ucuz, keyfiyyətsiz, mənşəyi bilinməyən yağlardan istifadə sağlam insanlarda da həzm problemlərinə səbəb olur.

Sonda onu vurğulamaq istəyirəm ki, əgər bayramdan sonra təhlükə ilə üzləşmək, sağlamlığımızı riskə atmaq istəmiriksə, o zaman bayram vaxtı da əvvəlki kimi eyni miqdarda qidalanaq. Doqquz qeyri iş günü qidaları bir günə hazırlayıb, bir neçə gün yemək yanlışdır. Yaxşı olar ki, menyu şəklində az-az hazırlasınlar”.

Mütəxəssis immun sistemini güclü etmək üçün məsləhətlər də verdi: “Əvvəla, gün ərzində maye qəbulunu unutmamalıyıq. Hər orqanizmə görə fərqli olsa da, bir litr yarım maye qəbul etsinlər. Bura yalnız su, bitki çayları daxildir. Bitki çayları immun sistemini gücləndirir. Bunlara da yaşıl çay, cökə, çaytikanı çayı, zəncəfillə dəmləmələr aid ola bilər. Həmçinin meyvə-tərəvəz, göyərti, naringi, portağal, kivi, ispanaq, limon kimi qidaları rasionumuzdan əskik etməyək. Adətən insanlar il boyu çərəzlərdən istifadə etmir, Novruzda həddən artıq çərəz qəbul edirlər, bu da bir çox halda narahatlıq yaratmaqla yanaşı, allergiyaya səbəb olur. Buna da diqqət edilməlidir. Habelə lifli qidalardan istifadə mütləqdir. Çünki immun sisteminin 70-80 faizi bağırsaqlarla bağlıdır. Liflər də bağırsaqların hərəkətliliyini artırır və onların toksinlərdən uzaq olmasına xidmət edir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”