21 Dekabr 2024

Çörək haqqında maraqlı faktlar

Bir çox insanların rasionunda əsas yerlərdən birini un məhsulları, xüsusilə də çörək tutur. Bu müqəddəs nemətə ehtiram həm folklorda, həm də ədəbiyyat da öz əksini daim tapıb.

Çörəyin yaranma tarixçəsi

Mənbələrə görə, çörəyin tarixi bəşəriyyətin yarandığı vaxtlardan başlayır.

Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni buğdanın eramızdan əvvəl onuncu minilliyin ikinci yarısına aid olması göstərilir. Mənbələrdə həmçinin eramızdan əvvəl 2-3-cü minillikdə Misirdə 3 buğda növünün əkildiyi qeyd olunur.

Çörək muzeyləri

Dünyanın bir çox  ölkələrində çörək muzeyləri mövcuddur. Belə müzeylərin biri İsveçrənin Sürix şəhərində yerləşir. Muzeyin sahibi olan M. Verenin sözlərinə görə, burada nümayiş olunan çörəklərdən birinin 6000 yaşı var.  Başqa  belə qədim  nümunə Nyu -Yorkda yerləşən  Çörək muzeyində nümayiş olunur. Həmin çörək  parçasının  3400 il yaşı var.

Ən bahalı çörək

Dünyanın ən bahalı çörəyi İspaniyanın Alqotosin kəndində Pan Pina çörəkxanasında 150 dollara satılan qızıl kəpəkli çörəkdir.

Statistika nə deyir?

Ölkələr üzrə adambaşına düşən çörək istehlakı, adətən, müxtəlif dolayı göstəricilərdən istifadə olunmaqla hesablanır. Statistikaya görə, bu inkişaf etmiş ölkələr arasında İtaliya liderdir – adambaşına ildə 129 kq. 118 kq göstəricisi ilə Rusiya, ABŞ (112 kq), Polşa (106) və Almaniyanı (103) qabaqlayaraq ikinci yerdədir.

Qədim Misirdə çörəyin hazırlanma texnikası maraq doğurur

Qədim Misirdə inkişaf etmiş kompleks bir çörəkçilik mədəniyyəti var idi. Misir çörəkçiləri yalnız forma və ya ölçülərinə görə deyil, həm də xəmir reseptlərinə, doldurma və hazırlama üsullarına görə fərqlənən 50 növə qədər müxtəlif çörək məhsulları istehsal edirdilər. Çörək üçün ilk xüsusi sobalar da məhz  Qədim Misirdə yaranmışdı. Həmçinin, arxeoloqlar iki bölmədən ibarət olan sobaların da təsvirlərini aşkar etmişdilər. Misirlilər mayasız çörək yox, xəmirin fermentasiya prosesinə məruz qaldığı, indikilərə oxşar çörək yeyirdilər. Bu barədə məşhur tarixçi Herodot yazmışdır.

Qədim Romada 17 fevral qeyd olunan bayram hansıdır?

Qədim romalılar fevralın 17-də Fornakalia bayramını qeyd edirdilər. Bu bayram  sobaların ilahəsi Fornaxın şərəfinə belə adlandırılmışdı. Həmin gün Romada bütün çörəkçilər istirahət edir, bunun müqabilində çörək və təndirlərini bəzəməklə, əvvəlcədən hazırlanmış pulsuz çörəkləri paylamaqla və  dualar oxumaqla məşğul olurdular.

Pulsuz çörək harada paylanılırdı?

Qədim Romada iqtisadi vəziyyət yaxşı olduğuna görə burada aşağı təbəqələrin nümayəndələrinə və yoxsullara çörəyi pulsuz paylayırdılar. Romanın aşağı təbəqələrdən olan vətəndaşları  ayda 5 modi taxıl alırdı .  Bu isə təxminən 35 kq-a bərabərdir. Burada təqribən 360 min insan bu cür  yardım almışdı.

Çörək boşqab rolunda?

Heç bilirdinizmi ki, Orta əsrlərdə  Avropada çörək uzun müddət yalnız yemək kimi deyil, həm də boşqab   kimi istifadə edilmişdir? Məsələn, bir çörəyin içərisini çıxararaq ondan  şorba üçün  qab kimi istifadə edirdilər. İnsanlar   şorbanı yedikdən sonra həmin çörəkdən hazırlanan qabı da mütləq yeməli idilər.  Ət və digər qidalar  isə sadəcə çörək dilimlərinin üzərinə  qoyulurdu. Digər materiallardan düzəldilən qablar yalnış  15-ci əsrdə istifadə olunmağa başladı.

Boyat çörək daha faydalıdır

Boyat çörək yumşaq təzə çörəkdən daha faydalıdır. Bunu bütün həkimlər və dietoloqlar təsdiq edirlər. Boyat çörək daha yaxşı mənimsənilir və köp, ağırlıq kimi xoşagəlməz hisslərə səbəb olmur.

Çörəyin üzərində kif varsa, belə çörəyi yemək olmaz. Bəzən insanlar üzərində kif olan tikəni kəsib qalan hissəsini yeyirlər. Bu, qəti şəkildə yolverilməzdir. Kif göbələyin sporları gözlə görünmür və insan bilmədən bu sporları olan tikəni yeyə bilər. Kif göbələyi  ziyanlı olmaqla  qida zəhərlənmələrinin, hətta ağır qan və ağ ciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.

Ən çox çörək hansı ölkədə yeyilir?

Çörək və digər un  məmulatları bazarının strukturu müxtəlif ölkələrdə fərqlidir. Tədqiqatçıların bildirdiklərinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir.

Avropada çörəyin ən çox istifadə edildiyi ölkələrin siyahısına 1 vətəndaşı illik 104,3 kiloqram çörək yeməklə Türkiyə başçılıq edir. 2-ci yerdə adambaşına ildə 95,2 kiloqram çörək istehlak edən Bolqarıstan qərarlaşıb. 3-cü sırada ildə adambaşına 88,9 kiloqram çörək istehlakı ilə Ukraynadır. Yunanıstan illik adambaşına 68 kiloqram çörək istehlak edən 4-cü, Hollandiya 62,1 kiloqramla 5-ci, Fransa 57,1 kiloqramla 6-cı, Almaniya 55,7 kiloqramla 7-ci, Belçika 55, 3 kiloqramla 8-ci, Rusiya 54,8 kiloqramla 9-cu, İtaliya isə 52, 7 kiloqram çörək işlədən  ölkə kimi 10-cu yerdə qərarlaşıb.

Ən duzsuz çörək

Yegin ki, bir çoxlarımız bilir ki, çörəyin hazırlanması zamanı onun xəmirinə mütləq duz əlavə olunur. Aparılan tədqiqat zamanı müəyyən olunub ki,  32 ölkədə müxtəlif un növündən hazırlanmış iki mindən çox çörəyin tərkibindəki duzun miqdarı fərqli imiş. Ölkələr arasında ən yüksək duz miqdarı hər yüz qramında 1,42 qram duz olan Makedoniyanın ağ undan bişirilmiş çörəklərində aşkarlanıb. Ən az duzsuz çörəyə isə Çində rast gəlinib. Belə ki, asiyalıların çörəyinin hər 100 qramına 0,65 qram duz əlavə olunub. “Basmati” növündən olan və kəpəkli çörəklərin digərlərinə nisbətən daha duzlu olduğu, qarışıq taxıllıların isə ən az duz miqdarı ( hər 100 qramında ortalama 1,02 qram) ehtiva etdiyi məlum olub.

Ən çox duza isə Kanadada istehsal olunan bir çörək növündə rast gəlinib – hər 100 qramında 2,65 qram . Bu miqdar hər 100 qramında 3,5 qram duz olan dəniz suyuna olduqca yaxındır. Ümumdünya Səhiyyə Təşkilatı günlük duz miqdarının böyüklərdə 5 qramı, 7 yaşından kiçik uşaqlarda isə 2 qramı keçməməsi haqqında xəbərdarlıq edib.

Samirə Tağıyeva, “İki sahil”