26 Dekabr 2024

Co Baydenin Uinston Çörçillin büstünü oval kabinetdən yığışdırması ingilisləri qəzəbləndirdi

ABŞ-ın yeni prezidenti Co Baydenin administrasiyası Ağ Evdə, oval kabinetdən Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin büstünü yığışdırır.

 Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fox News kanalı məlumat yayıb.

 Maraqlıdır ki, ABŞ-ın Londondakı səfirliyi Twitter-dəki mikrobloqunda məsələyə tam aydınlıq gətirməyib. Əvəzində isə səfirlik “ABŞ-Böyük Britaniya arasındakı xüsusi münasibətlərdən” bəhs edən videoçarx yayımlayıb.

 “Biz Çörçillin büstü ilə bağlı diskussiyalarla tanışıq. Ona görə də hər kəsə “Xüsusi münasibətlər”in nə olduğunu xatırlatmaq istəyirik”,-deyə diplomatik nümayəndəliyin videoçarxa əlavə etdiyi şərhdə bildirilir.

Lakin amerikalıların məsələni videoçarxla “yola verməsi” ingilislərin xoşuna gəlməyib. “Breksit” partiyasının lideri Naycel Farac bunu “britaniyalıların siftətinə və iki ölkə arasında münasibətlərə vurulan sillə” kimi dəyərləndirib.

 Britaniyalı analitik və keçmiş baş nazir Marqaret Tetçerin müşaviri olmuş Naylı Qardiner isə videogörüntüləri sərt şəkildə tənqid edib

“Ser Uinston Çörçill azad dünyanı xilas etmiş adamdır. O, Atlantikanın hər iki tərəfinin görkəmli qəhrəmanıdır. Heç olmasa azacıq hörmət göstərin”, – deyə o, Tvitterdəki mikrobloqunda yazıb.