Cənubi Qafqazda nümunəvi Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı

Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb. Bu ənənələr indi də yaşayır. Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bu xüsusda iki qonşu ölkə arasında siyasi əlaqələr nümunə ola biləcək səviyyədədir.
Müstəqillik illərində isə əlaqələr tarixi təməllərə, o cümlədən iki xalq arasındakı dostluğa əsaslanaraq tamamilə yenidən formalaşmışdır. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi səfərindən sonra münasibətlər yeni inkişaf dövrünə qədəm qoymuşdur. Həmin səfər zamanı Azərbaycanla Gürcüstan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. 1997-ci ildə isə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılmışdır. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıqlar isə əlaqələri daha da möhkəmləndirmişdir. Hazırda ölkələrimiz arasında iqtisadi sahədə olan uğurlar da yüksək səviyyədədir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu amil Azərbaycanla Gürcüstan arasında iqtisadi-siyasi, o cümlədən mədəni əlaqələrin mahiyyətini göstərir.
Azərbaycan və Gürcüstan arasında enerji sahəsində olan əməkdaşlığın xüsusi əhəmiyyəti var. Energetika sahəsindəki əməkdaşlıq hər iki ölkə ilə yanaşı daha böyük, geniş coğrafiyada vacib əhəmiyyət daşıyır. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Bu bir reallıqdır ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda bir çox ölkəyə öz təbii qazını ixrac edir ki, bu da ildən-ilə artır. Ötən il bu ixracın həcmi 25 milyard kubmetrə çatıb. Həmçinin bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan tərəfindən təmin edilir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş və mətbuata verilən birgə bəyanat, dövlətlərimiz arasında strateji xarakter daşıyan münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini bir daha aydın şəkildə ortaya qoydu. Bu səfər, dəyişən regional və qlobal geosiyasi kontekstdə, Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və təhlükəsizlik meyarlarının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı