20 İyul 2024

Cənub bölgəsinin mədəni irsi – Lerik rayonundakı tarixi abidələr

IV YAZI

Lerikin memarlıq abidələri sırasında dini- tarixi abidələr mühüm yer tutur. Bunun başlıca səbəbi orta əsrlərdə bu bölgədə İslam dininin güclü təsirinin olmasıdır. Belə müqəddəs yerlərdən biri olan Babagil türbəsi ölkədə ən məşhur ziyarətgahdır. Abidə Lənkəran – Lerik yolunun 40-cı kilometrliyində, çayın sağ sahilindədir. Ehtimala görə, burada XII-XV əsrlərdə böyük tikinti kompleksi olmuşdur və bunlar, əsasən xatirə-türbələrindən ibarət imiş. Türbələr digər tarixi abidələrə xas olan bütün keyfiyyətləri özlərində birləşdirir. Məqbərələr ətrafında məscid, xanagah, ziyarətxana yaradılaraq kompleksə çevrilmişdir. Təəssüf ki, bu abidələr zaman keçdikcə dağılmış, yalnız izləri qalmışdır. Babagil türbəsində olan məqbərə kompleksi dövrümüzə gəlib çatmamışdır.                                          
Babagil haqqında müxtəlif zamanların tarixçiləri və təzkirəçiləri öz əsərlərində məlumat vermişlər. Bu məlumatlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Institutunun arxivində 6 sənəd toplusunda saxlanılır. Sənədlər orta əsr tariximizin və sənətkarlığımızın öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Türbə və başqa arxeoloji abidələrimizin öyrənilməsi, bərpası sahəsində son illər xeyli iş görülmüşdür.                                                                                    
Babagil məqbərəsi barədə (1509-1788) toplanan sənədlər bizi təxminən 300 illik bir dövrlə tanış edir. Babagil türbəsi barədə tarixi qaynaqlarda kifayət qədər maraqlı məlumatlar verilmişdir. Babagilin nəslinin davamçılarında olan Qurani-Kərim qədimliyinə, görkəminə, yazı üslubuna görə fərqlənən nadir nüsxədir. Cildi dəridəndir, ayələrin sərlövhələri və abzasları göstərən iri nöqtələr qızılı rəngdə işlənmişdir. Hər səhifədə mətnə uyğun olaraq işarələr nəqş edilmişdir. Bu işarələr yəqin ki, mətnlərin oxunuşunu asanlaşdırmaq, mənanı dərk etmək üçün qoyulub.

 

Evdəki xəncər və qılınc da uzaq keçmişlərdən xəbər verir. Şübhə yoxdur ki, kənddə hazırlanan bu silahlarla Şeyx Zahid Gilanının müridləri, igid döyüşçülər yadellilərə qarşı, İslam dini, haqq-ədalət uğrunda vuruşmuşlar. 2002-ci ildə Babagil türbəsində bərpa işləri aparılmış, burada Şərq üslubunda məqbərə ucaldılmış, ziyarətgaha 2 km məsafədən bulaq suyu çəkilmişdir. Bu yaxınlarda türbənin bir hektara yaxın sahəsi ağ daşdan hasara alınmış, ziyarətə gələnlərin dincəlməsi üçün lazımi şərait yaradılmışdır. Bu abidə-kompleksi xarici görünüşü, forma və üslubuna görə orijinaldır və Şərqdə tikilən gözəl abidələrlə müqayisə edilə bilər. Rayonda bundan başqa Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII – XIV əsrlər) və s. abidələr var. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi vardır. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olmuş, ordakı qədim abidələrə baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Bu diyarın çox özünəməxsus tarixi var və bu tarix bütün Azərbaycanın mürəkkəb tarixinin ən maraqlı məqamlarını özündə əks etdirir. Lerik rayonunun ərazisində bu diyarın hələ neolit dövründə məskunlaşmış olmasını sübut edən çoxsaylı mədəniyyət və tarixi abidələri qalmışdır. Məsələn, daş dövründən qalmış mağara şəklində düşərgə yeri, Mistan dağ kəndinin yaxınlığında dəniz səviyyəsindən təqribən 2430 m. yüksəklikdə yerləşən qədim Qızyurdu məskəni bu qəbildəndir.                                                                                                                                        
Conu kəndinin yaxınlığındakı Baba Həsən məqbərəsi, Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Cəngəmiran kəndinəgedən yolun kənarındakı Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə Zəkəriyyə məqbərəsi yerli sakinlər tərəfindən mühafizə olunur, həmin məqbərələrin ərazisindəki qədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə Aleksandır Düma Cəngəmiran kəndində olmuş və  sonradan öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu taleyini poetik şəkildə təsvir etmişdir. Lüləkəran kəndində XIX əsrdə inşa edilmiş orijinal məscid günümüzə qədər gəlib çatmışdır.

Yazı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.