22 Dekabr 2024

“Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” – FOTO

Media və Mülki Cəmiyyət İctimai Birliyi yeni layihəyə start verdi

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” mövzusunda yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinın maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında həyata keçirilir və aprel ayının 1-dən avqust ayının 1-dək davam edəcək. Təşkilat sədrinin sözlərinə görə, layihənin məqsədi cənub bölgəsində yaşayan əhalinin, əsasən gənclərin maddi və qeyri-maddi irsimizin qorunması və təbliği işinə cəlb olunması üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsindən və  mətbuatda geniş məlumatlandırma işlərinin həyata keçirilməsindən ibarətdir. “Çünki mədəni irsimizin öyrənilməsi və təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolu böyükdür. Əhalinin, xüsuslilə şagirdlərin, tələbələrin, gənclərin maddi və mənəvi irs nümunələri ilə tanış olmaları üçün kütləvi işlərin aparılması, onlar maddi mədəniyyət abidələrinin qorunmasına, qeyri-maddi irs nümunələrinin toplanmasına cəlb olunması və bu istiqamətdə maarifləndirilməsi çox vacibdir. Mətbuatda, mədəni-maarif və ali təhsil müəssislərində, məktəblərdə yerli mədəni irs nümunələrimiz kifayət qədər təbliğ və təşviq olunmalıdır. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları ilə yanaşı, QHT-lərin, mətbuatın, sosial şəbəkələrin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür”-deyə layihə rəhbəri qeyd edib.