15 Oktyabr 2024

Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Tədbirdə çıxış edən dövlətimizin başçısı bildirib ki, bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə Cəbrayıl şəhəri işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi.

Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmiş və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, həm də Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.

Dövlətimizin başçısı onu da bildirib ki, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir.

Bu gün gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü, həm də keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövlətinin əlindən gələni əsirgəmədiyini göstərir.  Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.

Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. İndi isə görülən bütün bu işlər bir daha onu göstərir ki,  bu torpaqların əsl sahibləri qayıdıb.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı