03 Dekabr 2025

Cəbrayıl şəhəri günü tariximizin şanlı səhifəsidir

Məlum olduğu kimi, Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ərazisi 1050 kvadratkilometr olan rayon erməni quldur birləşmələrinin işğalına məruz qalmışdı. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun həmin vaxt 52 min 604 nəfər əhalisi var idi. Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi ilə digər işğal bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da üzləşmək mümkündür. İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə rayonun 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi insanlığa sığmayan vandalizm əməlləri nəticəsində tar-mar edilmişdi. İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Müharibənin səkkizinci günü – oktyabrın 4-də isə Prezident İlham Əliyevin müraciəti uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu. Həmin müraciəti heç cür həyəcansız dinləmək mümkün deyil. Sitat: “…Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”. Həmin gün bu xəbəri eşidənlərin gözündə yaş gilələndi, qəhərdən boğazları qurudu. Bu, Böyük Qələbəyə gedən yolda şəhərlərin işğalçılardan təmizlənməsi barədə ilk müjdə idi.

Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür. 4 oktyabr Cəbrayıl şəhər günü Azərbaycan xalqının birliyini, gücünü və iradəsini təcəssüm etdirir.

Bu gün biz şəhidlərimizi böyük ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir və xalqımızın qalib ruhunu bir daha dünyaya nümayiş etdiririk. Cəbrayıl şəhər günü tariximizin şərəfli səhifəsi kimi əbədi yaşayacaq. Bu gün həm tariximizə ehtiram, həm də gələcəyimizə inam günüdür. Cəbrayılın Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, hər kəsə birlik və qürur dolu anlar arzulayırıq.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı