Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk olunub
Cəbrayıl rayonu 1993-cü il 23 avqustda Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində 1 şəhər, 4 qəsəbə və 92 kənd viran edilib, rayona 13,9 milyard dollar ziyan dəyib. 52000 əhali məcburi köçkünə çevrilib, 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə və 150 mədəniyyət ocağı dağıdılıb. 362 şəhid, 191 qazimiz olub, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb.
Cəbrayıl zəngin təbii sərvətlərə, sement, mərmər, dağ mədən yataqlarına malik idi. Əhalinin əsas məşğuliyyəti üzümçülük, heyvandarlıq və taxılçılıq olub. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, xəstəxanalar, musiqi məktəbləri, muzeylər fəaliyyət göstərirdi.
İşğal zamanı “Divlər Sarayı”, Xudafərin körpüləri, türbələr, məscidlər kimi yüzlərlə tarixi-mədəni abidəmiz ermənilər tərəfindən dağıdılıb. Cəbrayıllı köçkünlər ölkənin 58 rayonuna səpələnmişdi.
1994-cü ildə Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı azad edildi, 2016-cı ildə Lələtəpə götürüldü. 27 il sonra 2020-ci ilin 4 oktyabrında Cəbrayıl şəhəri və ümumilikdə 1 şəhər və 90 kənd azad edildi. Bu əməliyyat Qarabağın digər rayonlarının azadlığına yol açdı.
Bu döyüşlərdə iştirak edən 22797 hərbçimiz “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Xudafərin körpüsündə bayrağımızın dalğalanması böyük tarixi an idi. 4 oktyabr rəsmi olaraq “Cəbrayıl şəhəri günü” elan olunub.
Hazırda Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı, yeni elektrik və yol infrastrukturu qurulur. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu regionun əsas nəqliyyat damarına çevriləcək.
“Cəbrayıl şəhərinin 2040-cı ilədək Baş planı” təsdiqlənib. Şəhərdə 15 min nəfər üçün yaşayış məhəllələri, azmərtəbəli evlər, məktəblər, bağçalar tikilir. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kimi kəndlər üçün də layihələr hazırlanıb minlərlə fərdi ev və sosial obyekt inşa edilir.
2024-cü il sentyabrın 26-da ilk köç karvanı Cəbrayıla yola düşdü. Bu günə qədər 659 ailə 2856 nəfər artıq evinə qayıdıb. 7,9 hektarlıq yeni yaşayış kompleksində 33 bina, 712 mənzil tam təmirli şəkildə sakinlərə təhvil verilir.
Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
