23 Dekabr 2024

Bu tələbələrə də təhsil krediti verilə bilər

“Qiyabi təhsil alan tələbələrə də təhsil kreditlərinin verilməsi məsələsi ilin sonunda İdarə Heyətinin iclasında müzakirə olunacaq”.

Musavat.com xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirib.

Bununla belə o qeyd edib ki, qiyabi təhsil alan tələbələrin çalışma imkanları olduğu üçün onlara kredit verilməsi aktual deyil:

“Onların sayı çox azdır. Doğrudur, qiyabi təhsil alanlar arasında da sosial həssas qrupa mənsub şəxslər ola bilər. Amma hələlik bu məsələ aktual deyil. Onu da qeyd edim ki, bu ildən magistratura səviyyəsi üzrə təhsil alanlara da təhsil tələbə krediti almaları üçün şərait yaradılıb və bu günə qədər artıq 1000 nəfər kreditdən faydalanıb. Bu il təhsil müəssisələrinə qəbul olan şəxslər üçün isə sentyabrın 12-nə qədər müraciət etmək imkanları var. İlin sonuna qədər Təhsil Tələbə Krediti Fondunun tətbiqi hazırlanacaq və əlavə elektron portal olacaq. Bu, valideynlər üçün övladlarının müvəffəqiyyət göstəricilərini görə bilmələrinə imkan yaradacaq. Məlum olduğu kimi, bəzən tələbələr bu haqda valideynlərinə dəqiq məlumat vermirlər. Lakin bundan sonra valideynlər övladlarının müvəffəqiyyət göstəricilərini görə biləcəklər”.

Xalidə Gəray