08 Sentyabr 2024

Bu gün şəhid Asəf Əsgərovun doğum günüdür

Musa Muradlı, Media1.az

Media1.az xəbər verir ki, Şəhid gizir Asəf Əsgərovun ailəsində bu gün onun doğum günü qeyd olunub.Hərbçi dostları, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev , Millət vəkili Fatma xanım Yıldırımın köməkçisi Fuad Ağayev və şəhidin yaxınları Asəf Əsgərovun ailəsini ziyarət edərək   xatirəsini yad ediblər.

Şəhid gizir Asəf Əsgərov 1990-cı ilin martın 5-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. 2008-ci ildə ordu sıralarına çağrılıb. Hərbi xidməti başa vuran əsgər gizirlik məktəbinə daxil olub. Ordu sıralarında gizir tankçı kimi xidmətini davam etdirib. 2016-cı ilin aprel döyüşlərində şücaət göstərərək, düşmənə qarşı döyüşlərdə iştirak edib. Qüsursuz xidmətə görə dəfələrlə medallar və fəxri fərmanlarla mükafatlandırılıb. Son döyüşü 2020-ci ilin sentyabrın 29-da olub. Komandanı olduğu tankın düşmən tərəfindən vurulması nəticəsində 3 nəfər heyət üzvü şəhid olub.

Şəhid Asəf Əsgərovun Emil, Kənan adlı iki övladı var.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov “Qarabağ” ordeni ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.